Daşına bilən yaddaş növləri
Salam, Əziz Dostlar. Ötən mövzumuzda CD, DVD və Blu-ray disklər haqqında məlumat vermişdik. Bu məqaləmiz isə digər daşına bilən (USB, SD kart və s.) yaddaşlar haqqında olacaq.
USB haqqında ümumi məlumatları http://www.technet.az/2013/07/01/usb-n%C9%99dir/ bu keçiddən əldə edə bilərsiniz.
USB dəstəkli daşına bilən cihazlarda əslində “flash” yaddaş istifadə olunmaqdadır. “Flash“, enerji kəsildiyində belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən yazıla bilən yaddaş növüdür. SSD sərt disklər də “Flash” yaddaş növünə aiddir.
“Flash” yaddaşların quruluşu maxaniki deyildir. Yəni içərisində hərəkət edən bir hissə yoxdur. Bu xüsusiyyətinə görə bu cür yaddaşlar “solid-state” yəni “hərəkətsiz” olaraq adlandırılırlar. “Flash” yaddaşlar üzərində əməliyyatlar RAM modullarında olduğu kimi aparılır. Yəni “Flash” yaddaşlar da modullardan təşkil olunub və bu modullar tranzistorlara sahibdirlər. Bildiyimiz kimi kompüter sistemlərində məlumatlar “0” və “1”-lər şəklində, yəni ikilik kodlarla yazılır. “0” enerjinin aşağı səviyyəsini, “1” isə yuxarı səviyyəsini ifadə edir. “Flash” yaddaşlara da məlumat yazıldığında tranzistorların enerji səviyyəsi dəyişdirilir. Quruluş etibarilə RAM modullarına oxşasalar da, məlumatların enerji kəsildiyində belə saxlanılması “Flash” yaddaşları RAM-lardan fərqləndirən ən əsas xüsusiyyətdir.
Daha yığcam, səssiz və yüngül, asan qoşula bilən olması “Flash” yaddaşların digər əhəmiyyətli xüsusiyyətləridir.
“Flash” yaddaşlarda istifadə olunan iki texnologiya vardır: NOR və NAND.
NOR texnologiyası 2004-cü ilə qədər istifadə olunmuşdur. 2004-cü ildə isə yerini NAND texnologiyasına təhvil vermişdir. NOR texnologiyası istifadə olunan yaddaşlarda məlumatların yazılması və silinməsi hər bir hücrə üzərində əməliyyata səbəb olurdu, NAND texnologiyasında isə bu hücrələrin əmələ gətirdiyi bloklar üzərində əməliyyatlar icra olunmaqdadır. Bu səbəblə də NAND yaddaşlar NOR yaddaşlara nisbətdə daha sürətlidir. Günümüzdə istifadə olunan bütün USB yaddaşlar NAND texnologiyasını istifadə edir.
Günümüzdə “Flash” kəlməsi USB yaddaşları ifadə etmək üçün də işlədilir. Bu cihazların istifadəsi çox sadə olub, USB girişinə qoşulmaları kifayətdir. Əlavə bir enerji mənbəyinə ehtiyac duymazlar. Bu yaddaşlar Sabit dikslərin yanında çıxarıla bilən yaddaş kimi listlənirlər. “Disk management” bölməsindən isə Sərt disklər üzərində aparılan əməliyyatları USB yaddaşlara da tətbiq etmək olar.
USB yaddaşlar “Bootable” disklər olaraq istifadə oluna bilər. Xırda bir proqramın köməyi ilə USB yaddaşı kompüterinizi başlatmaq üçün istifadə edə bilərsiniz. USB yaddaşlar həmçinin kompüter olmayan platformalar tərəfindən də dəstəklənməkdədir.
USB yaddaşlardan başqa günümüzdə geniş istifadə olunan digər yaddaş kartları da mövcuddur.
Compact Flash (CF) – Ən köhnə və böyük kart növüdür.
SmartMedia – CF yaddaş kartlarına rəqib olaraq istehsal olunmuşdur. Ancaq sonradan yerlərini SD kartlara təhvil vermişlər.
Secure Digital (SD) – Ən çox istifadə olunan yaddaş kartıdır. Mini və Mİcro SD olaraq iki növü vardır.
Memory Stick – Sony firmasının istehsalı olan yaddaş kartıdır.
xD Picture Card – Fotoaparatlarda istifadə olunur. Olympus firmasının məhsuludur.
Yaddaş kartları, PDA, Foto aparat, mobil cihazlar kimi əlavə yaddaşa ehtiyacı olan cihazlarda istifadə olunur.
Bu yaddaş kartları kompüterlərə xüsusi kart oxuyucular vasitəsilə qoşulur.
Daha çox USB qoşulması olan kart oxuyucular istifadə olunur. Nootboklar-da isə xüsusi port vasitəsilə bu növ yaddaş kartları oxuna bilir.
Flash yaddaşların istifadə olunduğu zaman bir başa kompüterdən ayrılması cihazı zədələyə bilər. USB portları vasitəsilə daimi olaraq cihaz enerji ilə təmin olunur. USB yaddaşı kompüterdən ayırmadan əvvəl enerji və məlumat axınını kəsmək lazımdır. Windows istifadəçiləri sağ aşağı küncdə USB qoşulmanı göstərən işarə üzərində mausun sol düyməsini sıxaraq “Eject USB” əmrini seçərək cihazı ayıra bilərlər.
Günümüzdə ən cox istifadə olunan daşına bilən yaddaşlardan biri də “Xarici sərt disk”lərdir. Əsasən USB və ya FireWire qoşulması istifadə edirlər.
3.5″ sərt disklər üçün sadəcə USB enerjisi kifayər etmir. Əlavə enerji qoşulması da istifadə edirlər. 2.5″ sərt disklər isə ən pis halda cüt USB qoşulması ilə lazım olan enerjini təmin edə bilir. Daşına bilən sərt disklərin çoxu standart sərt disklərdir (SSD-lər xaric). Və istifadə olunduğu halda hərəkət etdirilməməlidir. Bu cihazlar düşmə və zərbələrə qarşı həssasdırlar. Sərt disklərə aid məqaləmizdə yarana biləcək problemlərdən bəhs etmişdik. Eyni hallar daşına bilən sərt disklərə də aiddir. Yəni “Eject USB” seçib diski ayırmaq istədikdə belə diskin işini tam saxlamasını gözləmək lazımdır.
Bu günlük də bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə!