HDD (Sərt Disk)
Salam, Əziz Dostlar! Bu günki məqaləmizin mövzusu “Sərt disk“lərdir. HDD (Hard Disk Drive) kompüterin əsas hissələrindən biridir. Sərt disklərin əsas vəzifəsi məlumatları daimi və sistemli olaraq saxlamaqdır.
İlk sərt disklər 1950-ci illərdə istifadə olunmağa başlamışdır. Onların ölçüsü təxminən yarım metr idi və sadəcə bir neçə MB həcmə malik idilər. Hal hazırda isə daha çox yüksək texnologiyanın istifadə edildiyi sərt disklər istehsal olunur.
Sərt disklər digər yaddaş qurğularına nisbətən daha sürətli və həcm baxımından daha üstündürlər. Müraciət və məlumatların mübadiləsi sürəti disk məhsuldarlığını təyin edən ən əsas xüsusiyyətlərdir.
Bir sərt diskin necə işlədiyini başa düşmək üçün ilk növbədə sərt diskin daxili quruluşunu bilmək lazımdır. Bu quruluş ən sadə halda elektron nəzarət kartı və mexaniki hissələrdən ibarətdir.
Oxuma-yazma başlığını tutan qol isə onun disk üzərindəki məlumatın olduğu yerlərə çatmasını təmin edir.
Sərt diskin öz funksiyasını yerinə yetirərkən istifadə etdiyi ən vacib hissələr, oxuma-yazma başlığı ilə alüminium və ya şüşə/keramik örtükdən ibarət olan disk səthidir.Disk səthinin genişliyindən asılı olaraq sərt disklər 5.25″, 3.5″ və 2.5″ ölçülərində istehsal edilirlər. Hazırda fərdi kompüterlərdə 3.5″ və notebook-larda (netbook) isə 2.5″ sərt disklər istifadə olunur.
Disk səthləri əslində məlumat saxlama xüsusiyyətinə sahib deyildirlər. Bu xüsusiyyəti təmin etmək üçün səth üzərinə maqnit sahəsinə həssas plyonka yerləşdirilmişdir. Plyonka ilə oxuma-yazma başlığı arasında çox kiçik bir məsafə olur. Hər hansı bir səbəbdən təmas nəticəsində ya təmas nöqtəsi, ya da sərt diskin əsas bir hissəsi zədə ala bilər. Sərt sidk üzərində əməliyyat aparılmadığı zaman oxuma-yazma başlığı disk üzərində olmayıb, kənarda öz yerinə çəkilir. Oxuma-yazma əməliyyatı zamanı isə təyin olunmuş cığır və ya sektor üzərinə gedərək verilmiş əmri icra edir.
Sərt disklərin sürəti “rpm”-lə (Revolution per minute – Dəqiqədə dövr) ölçülür. Əgər bir sərt diskin sürəti 7200 Rpm göstərilibsə, bu o deməkdir ki həmin sərt disk dəqiqədə 7200 dövr edir!
Diskin yüksək sürətlə dönməsi nəticəsində əmələ gələn hava təzyiqi oxuma-yazma başlığının disk üzərində ola biləcək təmasının qarşısını alır. Bu hava yastığı disk üzərində elektrik olduğu müddətcə öz vəziyyətini qoruyur. Elektrik kəsildiyi anda isə bu hava yox olur. Kompüter söndürülərkən oxuma-yazma başlığı öz yerinə çəkilir və lazımi xəbardarlıqdan sonra elektrik kəsilir. Tələsik və düzgün söndürülməmə kimi hallarda oxuma-yazma boşluğu kənara çəkilməmiş və hələ də sərt disk üzərində əməliyyat icra edirmiş kimi olacaqdır. Və xəbərdarlıq olmadan kəsilən bu enerjinin nəticəsi olaraq başlıq səthə toxuna və xarab sektor (bad sector) adlanan hissələr meydana gələ bilər. Meydana gələn bu hissələrdə olan məlumatlar artıq oxuna bilməz və bu hall təkrarlandığı təqdirdə sərt disk təmamilə sıradan çıxa bilər.
Sərt disklər üzərində məlumatlar sektor (sector) və çığır (track) adlandırılan bölmələrdə saxlanılır. Sektorlar disk üzərində ünvanlaşdırıla bilən ən kiçik hissələrdir. Sektor 256 və ya 512 bayt informasiya saxlaya bilir. Disk üzərində məlumat saxlanmasının təşkili “fayl sistemi” adlanır. Hər əməliyyat sistemi özünün xüsusi fayl sistemini istifadə edir. Ən geniş istifadə olunan fayl sistemləri aşağıda verilmişdir:
FAT (File Allocation table – Fayl yerləşdirmə cədvəli) – əsas fayl sistemlərindəndir. MS-DOS əməliyyat sistemi ilə bərabər istifadə olunub. Hazırda da Windows və digər əməliyyat sistemlərini bazasında istifadə olunmaqdadır. Bu sistemdə məlumatların əldə edilməsi üçün fayl yerləşdirmə cədvəlləri tutulur. Fat fayl sistemi üç şəkildə təşkil olunur:
Fat 12 – 12 bit fayl sistemidir. Əsasən elastik disk və çox kiçik həcmli sərt disklərdə istifadə olunub.
FAT16 – 16 bit fayl sistemidir. DOS ilə uyğunluq təşkil edən sistemlərdə istifadə olunub.
FAT32 – hazırda da istifadə olunan 32 bit fayl sistemidir.
Sərt disk bölməsi (partition) 16 Mb və daha kiçik olduqda FAT12 fayl sistemi sitifadə olunur. 16-2048 Mb arasında FAT16, 2048 Mb-dan yuxarı həcmlərdə isə FAT32 fayl sistemi istifadə edilir.
FAT fayl sistemi klasterlərdən təşkil olunur. Hər bir klaster isə bir neçə sektordan ibarətdir. İstifadə zamanı kompüter klasterlərin ünvanlarını istifadə edər.
HPFS (High Performance File system – Yüksək Məhsuldarlıqlı Fayl Sistemi) – OS/2 əməliyyat sistemində istifaə olunan bir fayl sistemidir. Bu fayl sistemində 256 simvola qədər fayl adı verilə bilər. 8 GB-a qədər sərt disk bölməsi dəstəklənir.
NTFS (New Technology File System – Yeni Fayl Sistemi Texnologiyası) – İlk olaraq Windows NT əməliyyat sistemində istifadə edilən fayl sistemidir. Etibarlılıq, daha geniş sahə istifadəsi, sıxışdırma kimi üstünlükləri vardır. Hazırda Windows əməliyyat sistemlərində əsas fayl sistemi olaraq istifadə olunur. FAT fayl sistemindən fəqli olaraq fayl məlumatlarını mənimsəyən və fayl bazasında icazələrin tutulduğu Master File Table adında cədvəl tutulur. NTFS fayl sistemində də fayl adının uzunluğu 255 simvol ola bilər.
Disk bölmələr haqqında daha əraflı: http://www.technet.az/2013/06/20/gpt_convert_mbr/
Ədəbiyyat: Babayev A.B., Seyidzadə E.V., “Fərdi Kompüterin element vasitələri və periferiya qurğuları”, Bakı/ Azərbaycan-2008
Bu günki məqaləmiz bu qədər. Gələn görüşlərədək!