Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılıb

Azerspace-1 peyki fevralın 8-də Bakı vaxtı ilə saat 1:36 radələrində Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan Fransanın Arianespace şirkətinin Ariane 5 raket daşıyıcısı vasitəsilə qaldırılıb və uğurla geostasionar orbitə çıxarılıb. “Ariane 5 ECA” “Azerspace” ilə yanaşı, İspaniyanın “Amazonas-3” rabitə peykini də orbitə buraxıb.
Təyin olunan vaxtda – startdan 34 dəqiqə sonra kosmik aparat raketin gövdəsindən ayrılıb.
Azerspace-1 Malayziyanın Measat Satellite Systems şirkəti tərəfindən istifadə olunan və Azərkosmos ASC-yə icarəyə verilən 46° Şərq uzunluq dairəsində geostasionar orbitə çıxarılıb.
Peykimiz ABŞ-ın Orbital Sciences Corporation şirkəti tərəfindən işlənib hazırlanan STAR-2 platforma əsasında hazırlanıb. Azerspace/Africasat-ın faydalı yükü 36 transponderdən (24 C-band transponderi və 12 Ku-band diapozonlu transponder) ibarətdir. Hər transponderin tezlik zolağı 36 MHs-dir. Peykin çəkisi təqribən 3275 kiloqramdır. Peykin orbitdə istismar müddəti 15 ilədək təşkil edəcək.
Azərbaycan peyk resursunun 20 faizindən istifadə etmək niyyətindədir. Qalan hissə digər ölkələrin operatorlarına təklif ediləcək. Aparat Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri, Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstərəcək.
Rəsmi məlumatlara görə 2015-ci və 2016-cı illərdə əlavə iki peyk də orbitə buraxılacaq.

PEYKDƏN AZƏRBAYCANIN QAZANCI
Peyk orbitə buraxılandan sonra Naxçıvan da daxil, Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, sürətli internet xidmətləri təmin olunacaq. Bundan başqa, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək. Yerüstü fiber-optik şəbəkə zədələndiyi hallarda peyk rabitəsi problemləri də tezcə aradan qaldırılacaq. Üstəlik, peyklə bağlantıların təhlükəsizliyinə təminat veriləcək. Adi vətəndaşların diqqətini çəkən və onları sevindirəcək bir xəbər də var: İlk peyk orbitə buraxılandan sonra rabitə və internet xidmətləri ucuzlaşacaq.

PEYK AZƏRBAYCANA NEÇƏYƏ BAŞA GƏLİB?
Nazirliyinin məlumatlarına söykənən bəzi qaynaqlar bildirir ki, peykin yaradılmasına 87 milyon, onun orbitə çıxarılmasına 40 milyon, idarə mərkəzinin yaradılmasına 16 milyon manat xərclənib. Sığorta məsələləri də gözardı edilməyib. Peykin tam sığortalanmasına 18 milyon manat sərf edilib.
Peykin istismar müddəti 15 il, qoyulan vəsaitin götürülmə müddətinin 5 il olduğu deyilir.

Mənbələr:

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

Trend.az

Azadlıq Radiosu

Xəbərin müəllifi:   Müşfiq Məmmədov

Müəllif: Elvin Əmirov

Şərh yazın