Exceldə xəta tipləri
Exceldə funksiyalar bölməsini tam anlamamız üçün mütləq şəkildə xətalar haqqında məlumat almamız lazımdır. Çünki, funksiyanın bizə qaytardığı xəta tiplərini bilməklə həmin funksiyada baş verən səhvi tezliklə aradan qaldıra bilərik. Bu səbəbə növbəti funksiyalara keçmədən xəta tipləri haqqında məlumat vermək istəyirəm.
Exceldə aşağıdakı xətalar mövcuddur.
- #NULL! – bu xəta yazılan funksiyada yersiz buraxılan boşluq zamanı meydana gəlir. Məsələn =SUM(B2:B4) funksiyasının əvəzinə =SUM(B2 B4) funksiyasını yazsanız (qoşa nöqtənin əvəzinə boşluq qoysanız) bu xəta ilə üzləşmiş olacaqsınız.
- #DIV/0! – bu xəta sıfıra bölmə aparılarkən baş verir. Riyaziyyatdan bildiyimiz kimi 0-a bölmə olmadığından buna cəhd edildiyi zaman bu şəkildə xəta xanada görünmüş olur. Məsələn, hansısa xanaya =5/0 yazsaq bu xəta ilə rastlaşacağıq.
- #REF! – daha istinad edilən xananın silindiyi zaman meydana gəlir. Məsələn, aşağıdakı kimi cədvəlimiz var. Bu cədvəldə C sütununu silsək, Məbləğ yazılan hissədə #REF! xətası görünəcəkdir. Çünki, daha əvvəl istinad edilən C xanası artıq silinmişdir.
- #NAME? – bu xəta funksiyanın, adların doğru yazılmadığı zaman xanada olur. Məsələn, SUM(B2:B4) funksiyası əvəzinə SUMM(B2:B4) yazılarsa funksiyanın adının düzgün yazılmamasına görə bu xəta görünmüş olacaq.
- NUM! – bu xəta o zaman baş verir ki, funksiyanın nəticəsi ədədlə ifadə edilə bilinməsin. Məsələn, biz mənfi ədəddən kvadrat kök almaq istəsək, bu xəta ilə rastlaşacağıq. Nümunə üçün hansısa xanaya =SQRT(-4) funksiyasını yazıb yoxlaya bilərsiniz. Riyaziyyatdan da bildiyimiz kimi mənfi ədəddən kvadrat kök almaq olmur.
- #N/A – bu funksiya əlçatan olmayan məlumatları axtardığımız və ya onlara istinad etdiyimiz zaman baş verir. #N/A (Not available) (Əlçatan deyil) xətasına VLOOKUP (Şaquli axtarış) funksiyasını öyrənərkən rast gələcəyik.
- #Getting_data – bu xəta digər məlumat mənbələri ilə əlaqə yarandığı zaman məlumatları əldə etdiyi müddətdə ekrana çıxır.