ERP sistemləri: 1C:Müəssisə
Salam Dostlar!
“Adin-es”, “adin-se”, “bir-ce”, “bir-es” və s. kimi tələffüz edilən proqram təminatı barədə, yəqin ki, eşitmisiniz. Bu proqram təminatını mühasibatlıq hesabat sistemi kimi tanınır. Əsasən MDB ölkələrində istifadə olunur. Son zamanlar digər ölkələrdə də bu proqram təminatına maraq göstərilir. Bu proqram barədə axtarış sistemlərində kifayət qədər məlumat vardır. Lakin məlumatın əksəriyyəti rus dilindədir və asan anlaşılan izahı demək olar ki yoxdur, çünki həmin proqram təminatını istehsal edən şirkət istifadə olunan terminlərdə o qədər qarışıqlıq və çaşqınlıq yaradıb ki, onun iş prinsipini ilk dəfədən anlamaq çox çətindir. Şirkətin İngilis və Polyak dillərində də portalları vardır, həmçinin Türkiyə distributorluğunun saytı da vardir. Bugünkü məqalədə “1C” nədir və nəyə lazımdır suallarına asan dildə cavab verməyə çalışacağam.
İlk növbədə mühüm bir məsləyə aydınlıq gətirək: “Adin-es”, “adin-se”, “bir-ce”, “bir-es” – bunlardan hansı düzdür və Azərbaycan dilində yazılış və oxunuş qaydası necədir? Qeyd etmək lazımdır ki, “1C” Rusiya şirkətidir və adında elə rus dilində istifadə olunan kiril hərfindən istifadə edilib. Yəni “1C” adındakı “C” kiril əlifbasında olan “c” [es] hərfidir. Şirkətin adının yaranması fərziyyələri çoxdur. Belə fərziyyələrdən birinə görə bu ad ona görə seçilmişdir ki, “c” hərfinin Rus və İngilis dillərində yazılışı eynidir və yeganə hərfdir ki, klaviaturada eyni xanada yerləşir. Digər fərziyyəyə görə bu ad Rus dilində olan “odna sekunda” sözündən götürülüb. Məsələni aydınlaşdırmaq üçün “1C” şirkətinin İngilis dilli portalında müraciət edək. Orada şirkətin adı “1C” şəklində qeyd edilib. Deməli şirkətin adı dəyişmədi. Qeyd etmək lazımdır ki, kiril hərfi “c” – “es”, İngilis hərfi “c” isə “si” kimi tələffüz edilir. İngilis dilində də “es” şəklində tələffüz edilən hərf var –“s” hərfi. Deməli, əgər şirkət istəsəydi ki, adı İngilis dilində də “es” kimi tələffüz edilsin, onda şirkətin adını “1S” kimi qeyd etməli idi. Beləliklə İngilis dilində düzgün yazılışı “1C”, tələffüzü isə “uan si” şəklindədir. Polyak dilli saytdan da məlum olur ki, firmanın adı dəyişmir, elə olduğu kimi – “1C” şəklində yazılır. Azərbaycan dilində də “c” hərfi var, lakin “ce” şəklində tələffüz edilir. Deməli belə nəticəyə gəlmək olar ki, “1C” proqram təminatınin adı deyil, şirkət adıdır və Azərbaycan dilində şirkətin adının düzgün yazılışı “1C”, tələffüzü isə “bir ce” şəklindədir.
Tez-tez rast gəldiyimiz digər söz birləşmələri: “1C:Predpriyatiye”, “1C:Mühasibatlıq”, “1C:Müəssisə”, “1C:Enterprise” və s. “1C” şirkəti proqram təminatının istehsalı və satışı ilə məşğul olur. Əsas proqram təminatının Rus dilində olan orijinal adı “1C:Предприятие” şəklindədir. Bu proqram təminatı platformadır və digər proqramların və konfiqurasiyaların yazılması üçün əsas vasitədir. Azərbaycan dilində bu proqram təminatının müxtəlif yazılışı və tələffüzü ilə rastlaşırıq. Bəzilərini yuxarıda qeyd etdim. Bəs düzgün yazılışı və tələffüzü necədir? Yenə də şirkətin İngilis dilli portalına müraciət edək. Orada proqram təminatının adı “1C:Enterprise” şəklində qeyd edilib. Türkiyə distributorluğunun saytında da proqram təminatının adı “1C:İşletme” şəklində verilib. Diqqət etdinizsə proqram təminatının adı iki hissədən ibarətdir: şirkətin adı və platformanın adı. Şirkətin adı olduğu kimi qalıb, tərcümə edilməyib, ikinci hissəsi isə tərcümə olunub. İngilis dilində düzgün tələffüzü isə ”uan si entəprays” şəklindədir. Deməli belə nəticəyə gəlmək olar ki, Azərbaycan dilində proqram təminatının düzgün yazılışı “1C:Müəssisə”, tələffüzü isə “bir ce müəssisə” şəklində olmalıdır.
Yaranma tarixi.
Şirkətin əsasını 90-ci illərin əvvəllərində Boris və Serqey Nuraliyev qardaşları qoymuşdur. Boris Nuraliyev SSSR-i Mərkəzi Statistika İdarəsində çalışırdı. 80-ci illərin ortalarında O, böyük həcmli statistik verilənlər bazalarından xüsusi sorğu dili vasitəsilə məlumatın alınması ilə məşğul olan şöbəyə rəhbərlik edirdi. Yeni sorğu sistemi yaradılmışdır. Həmin sorğu sistemindən cavabın bir saniyəyə alınması nəzərdə tutulmuşdur və buna görə də həmin sistemə “1C”, daha doğrusu “1C İnformasiya Xidməti Sistemi” adı qoyulmuşdur. Bu proqram kommersiya telekommunikasiya şəbəkələrin yaradılması üçün yüzlərlə şirkətlərdə istifadə edilmişdir. Daha sonra eyni adlı şirkət yaradılmışdır.
1991-ci ilin fevralından başlayaraq Boris Niraliyev hazır proqramların satışı ilə məşğul olmağa başlayır. Bu məqsədlə O, böyük distributor şəbəkəsi yaradır. Həmin vaxtlar Qərbdə çox məşhur olan və Rusiyada hələ tanınmayan “Lotus 1-2-3” proqram təminatını satmağa başlayır. Borisin qardaşı Serqey Nuraliyev yeni yaradılmış şirkətdə mühasibat uçotu ilə məşğul olurdu. O, öz şəxsi məqsədləri üçün mühasibat kalkulyatoru proqramını yazır. Daha sonra mühasibat proqramını yaratmaq qərarına gəlir. Həmin proqramı distributor şəbəkəsi vasitəsilə satmağa başlayırlar. Proqramın ilk versiyalarının adı “1C:Buxqalteriya” idi. İlk versiyalar DOS əməliyyat sistemlərində işləyirdi, bu versiyalar 3.0, 4.0 və 5.0 idi. Digər rəqiblərindən zəif olsa da proqram təminatı tətbiq edilmiş bir funksionallığa görə populyarlıq qazana bilmişdir. Proqramın daxilində xüsusi proqramlaşdırma dili yaradılmışdır, bu da öz növbəsində proqramın istəklərə uyğun konfiqurasiya edilməsinə imkan verirdi. Və artıq 1995-ci ildə Windows 3.1 əməliyyat sistemində işləyən “1C:Buxqalteriya 6.0″ versiyası buraxılmışdır.
1997-ci ildə Nuraliyev mühasibatlıqla yanaşı müəssisənin digər sahələrini də əhatə etmək qərarına gəldi və “1C:Predpiyatiye 7.0” (daha sonra mətndə “1C:Müəssisə”) proqramını buraxdı. “1C” şirkətinin ən məşhur məhsullarından biri “1C:Müəssisə 7.7” proqram təminatı oldu. “1C:Müəssisə 7.7” satışı 1999-cu ildə başlandı, və hal-hazırda satışdan çıxarılsa da, bu günə qədər bu versiya geniş istifadə olunur.
2002-ci ildə “1C:Müəssisə 8” versiyası buraxıldı və çox sürətlə inkişaf etməyə başladı.
2013-cü ildə “1C:Müəssisə 8.3” buraxılmışdır və bu ən sonuncu versiyadır.
Proqramın quruluşu.
Hal-hazırda “1C:Müəssisə” ERP II tələblərinə tam cavab verən müəssisənin bütün biznes proseslərinin avtomatlaşdırılmasını təmin edən proqram təminatıdır. Kiçik və orta müəssisələrdə geniş istifadə olunur. Son zamanlar iri şirkətlərdə istifadə olunmağa başlayıb. Əsas rəqibləri SAP, Microsoft Dinamics NAV, Oracle E-Business Suite proqram təminatlarıdır.
“1C:Müəssisə” texniki nöqteyi-nəzərindən iki əsas hissədən ibarətdir:
- “1C:Müəssisə” platforması – üzərində konfiqurasiyalar yazılan və proqramçılar və s. tərəfindən istifadə olunan proqramın əsasını təşkil edir. İstifadəçi təkcə platforma ilə işləyə bilmir. Özünəməxsus freymvörk (framework) platformasına bənzəyir. Platforma daim yenilənir və sonuncu versiya 8.3 versiyasıdır:
- Konfiqurasiyalar “1C” kodundan istifadə olunmaqla platforma üzərində yazılır. İstifadəçilər konfiqurasiyalarla işləyirlər. Mühasibat, İstehsalat, Pərakəndə satış, Mağaza, Kompleks avtomatlaşdırma, Satışın idarə edilməsi və s. konfiqurasiyar mövcuddur. Konfiqurasiyalar tipik və sıfırdan yazılmış (adaptasiya olunmuş) variantları vardır:
Platformaya iki formada təklif edilir:
- Fayl versiyası
- Kliyent-server versiyası
Fayl versiyasında bütün məlumat bir xüsusi formatda olan (1Cv8.1CD) faylda yerləşir:
Kliyent-server versiyasında məlumat verilənlər bazası cədvəllərində yerləşir. Platformaya iki cür giriş nəzərdə tutulmuşdur:
- İstifadəçi girişi
- Konfiquratora giriş
Konfiquratora giriş inzibatçılar və proqramçılar üçün nəzərdə tutulub. 1C inzibatçısı konfiquratora girir, müəyyən işlər görür, əgər sıfırdan yazılacaqsa daxili proqramlaşdırma dilindən istifadə edir və konfiqurasiya yaradır, hazır konfiqurasiya alınıbsa həmin konfiqurasiyanı, məsələn: “1C:Kompeks avtomatlaşdırma”, yükləyir və sistemi işlək vəziyyətdə istifadəçiyə təqdim edir. İstifadəçi, məsələn: mühasib, proqrama istifadəçi girişi vasitəsilə daxil olur və işləməyə başlayır:
İstifadəçi üçün dörd cür giriş mövcuddur:
- Tolstiy kliyent
- Tonkiy kliyent
- Veb kliyent
- Mobil Kliyent
“1C” platforması üzərində proqramlaşdırmaq üçün xüsusi bir proqramlaşdırma dili yaradılmışdır. Həmin dilin xüsusi bir adı yoxdur və sadəcə “1C daxili proqramlaşdırma dili” adlandırılır. Daha çox Visual Basic dilinə bənzəyir, həmçinin T-SQL sorğu dilinin operatorlarından istifadə olunub, lakin bütün kodlar rus dilinə tərcümə olunub. Proqramlaşdırma iki dildə: Rus və İngilis dillərində mümkündür, lakin 1C proqramçılar Rus dilində proqramlaşdırmaya üstünlük verirlər.
Beləliklə, bugünkü məqalənin də sonuna gəlib çatdıq. “1C” nədir və nəyə lazımdır suallarına cavab verməyə çalışdıq.
Növbəti məqalədə ECM (Enterprise content management) – Korporativ İnformasiya Resurslarının İdarəetmə Sistemləri ilə tanış olacağıq.
Diqqətinizə görə təşəkkür edirəm.
Şərhlər ( 1 )
Təşəkkürlər Rauf bəy.