Verilənlər bazası, məlumat bazası yoxsa informasiya bazası?
Salam Dostlar,
Bugünkü məqalədə çox aktual bir məsələni araşdırmağa və aydınlıq gətirməyə çalışacağam. Bildiyiniz kimi ölkəmizin İKT sahəsində ən mühüm problemlərindən biri mövcud olan terminlərin Azərbaycan dilinə düzgün tərcümə edilməməsidir. Bəzən terminlər hərfi mənada tərcümə edilir, bəzən isə terminlərdə olan mənalar ifadə olunur və bununla da mətndə olan əsas fikri formalaşdırmağa cəhd edilir. Bu istiqamətdə ən dəyərli və mükəmməl addım Technet qrupunun üzvləri tərəfindən atılıb və onların sayəsində artıq ana dilimizdə terminlər məcmusu formalaşmağa başlayıb. Bu olduqca vacib bir işdir və gələcək nəslimizə öz faydasını verəcək. Bəli, İKT sahəsində İngilis dillini bilmək vacibdir, amma insan xarici dili nə qədər yaxşı bilsə də, öz ana dilində daha yaxşı başa düşür və beləliklə də çox mürəkkəb məsələlərinin həllini tapmış olur.
Belə terminlərdən biri “database” terminidir. Göründüyü kimi iki sözdən ibarətdir “data” və “base”. İngilis dili ədəbiyyatında bu sözün bitişik və ya ayrı-ayrılıqda yazılması barədə çoxlu diskussiyalar aparılıb və nəticə etibarilə bu terminin bitişik, yəni “database” formasında yazılması qəbul edilib, lakin ayrı-ayrılıqda yazılması, yəni “data base” formasında yazılması da səhv deyil. Ədəbiyyatda daha çox bitişik forması ilə rastlaşırıq. “data” sözü “verilənlər” və “base” sözü isə “baza” kimi tərcümə olunur. İkisini birləşdirsək və hərfi mənada tərcümə etsək “verilənlər bazası” alınır. Lakin internet resurslarına və bu sahədə olan ədəbiyyata müraciət etdikdə müxtəlif yanaşmalarla üzləşirik. Məsələn, bir yerdə “verilənlər bazası”, başqa bir yerdə “məlumat bazası”, üçüncü bir yazıda “informasiya bazası”, hətta “informasiya ehtiyatı” kimi ifadələrlə rastlaşırıq. Bu sahə ilə yenicə tanış olan bir insan üçün bu müxtəliflik bir qədər çaşqınlıq və anlaşılmazlıq yaradır. Çox vaxt “verilənlər”, “məlumat” və “informasiya” sözləri sinonimlər kimi istifadə edilir. Lakin bunların arasında əsaslı fərqlər mövcuddur. Əslində biz yaranmış bu söz birləşmələrinin hər birini təhlil etsək və aydınlıq gətirsək ümumi bir fikir formalaşdıra bilərik.
1. Verilənlər bazası
Ola bilsin ki, bu məqaləni oxuyan “verilənlər bazası” anlayışının hansı məna daşıdığını bilmir, lakin hər zaman ondan istifadə etdiyi dəqiqdir. Hər zaman axtarış sistemlərində: “google”, “yandex” və s. nə isə axtaranda biz verilənlər bazasından istifadə edirik. Hər hansı bir servisə daxil olmaq üçün loqin və parolumuzu yığdığımız zaman onlar həmin servisin verilənlər bazasında yerləşən məlumatlarla müqayisə edilir. Göründüyü kimi, iki sözdən ibarətdir: “verilənlər” və “baza”.
Verilənlər termini latınca “datum” fakt sözündən yaranmışdır. Ədəbiyyatda “verilənlər” terminin çoxlu tərifi mövcuddur:
Verilənlər (en: Data) – texniki vəsaitlərlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. Verilənlər faktları, mətn, qrafik, müxtəlif şəkilləri, səsləri, analoq və ya rəqəm video-seqmentləri təsvir edirlər (“Wikipedia”).
Verilənlər – ünsiyyət, interpretasiyalar, insan tərəfindən və ya avtomatlaşdırılmış sistemlərin köməyi ilə emal üçün münasıb olan formada faktların, anlayışların və ya təlimatların təsəvvürüdür ((ISO/IEC/IEEE 24765-2010).
Verilənlər – (informatikada) saxlanması, emalı və ötürülməsi üçün formal şəkildə təsvir olunan informasiyadır. (“Böyük ensiklopedik lüğət”, 2001).
Sadə sözlə desək, “verilənlər” – daimi saxlama, ötürülmə və emal üçün yararlı formada müəyyən daşıyıcıda qeyd edilmiş məlumatların məcmusudur. Başqa sözlə desək: “verilənlər” – ötürülmə və emal üçün yararlı formada təqdim olunan faktlar, rəqəmlər və müəyyən sahəyə uyğun olan digər real və abstrakt şəxslər, əşyalar, obyektlər, hadisələr və s. barədə məlumatlardır.
Baza – hər hansı bir obyektin (malın, əşyanın, məlumatın və s.) saxlanılması üçün yerdir. Baza dedikdə təsəvvürümüzə gələn ilk şey Avtobaza olur. Başqa bir misal üçün bir anbar təsəvvür etsək hər şey aydın olar. Həmin anbarda saxlanılan əşyalar nizamlı, növlərinə və xüsusiyyətlərinə uyğun düzülübsə buna baza demək olar. Başqa bir misal – kitab rəfi və kitablar. Kitab rəfini baza, rəfdə olan kitabları isə verilənlər kimi təsəvvür edə bilərik. Rəf olmasa kitabların saxlanılması çətinləşər və lazım olan kitabı tapmaq üçün çoxlu vaxt və güc sərf edilər. Bununla da belə nəticəyə gəlirik ki, verilənlərin saxlanılması üçün hər hansı bir yer lazımdır. Verilənlər bir yerdə nizamlı şəkildə yığıldıqda “verilənlər bazası” yaranır. Biz kitab rəfini baza, rəfdə olan kitabları isə verilənlər kimi təsəvvür etdik, lakin kitab rəfi verilənlər bazası deyil. Fərq ondadır ki, kitab rəfinin saxlanıldığı yer otaqdır, verilənlər bazasının saxlanıldığı yer isə kompüterdir. Biz kitab rəfindəki kitabları asan tapmaq üçün kitabların adlarını, müəlliflərini, buraxılış ilini, yerləşdiyi sıranı və s. kompüterimizdə nizamlı şəkildə yerləşdirsək, artıq kitablarımızın verilənlər bazasını yaratmış oluruq və gələcəkdə həmin bazaya sorğu verməklə bizə lazım olan kitabı asanlıqla tapa bilərik.
“Verilən” – bazaya daxil ediləcək informasiya vahididir, elementidir və verilənlər bazasının əsasını təşkil edir. Əgər bir kitab rəfində kitablar səliqəsiz və nizamsız yığılarsa, bizə lazım olan kitabı biz çox gec axtarmalı olacağıq. Təsəvvür etsək ki, kitablarımız getdikcə çoxalır, kitab şkafımızın rəfləri də çoxalır və biz kitabları otaqda elə yerləşdirməliyik ki, səliqəli olsun və hər bir şey öz yerində olsun. Bu zaman bizə kitabların və kitab rəflərinin yerləşdirilməsi sxemi lazım olacaq. Sxem tərtib etsək asan bir şəkildə kitablarımızı yerləşdirə bilərik. Belə nəticə çıxarmaq olar ki, verilənlərin bazada müəyyən bir sxemə uyğun və nizamlı şəkildə yerləşdirilməsi olduqca vacibdir. Beləliklə, “Verilənlər bazası” terminin tərifini verə bilərik:
Verilənlər bazası – kompüterin yaddaşında və ya daşıyıcıda müəyyən bir sxemə uyğun nizamlı şəkildə saxlanılan, müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunan verilənlərin yığımıdır.
Ədəbiyyatda bu və ya digər müəlliflərin subyektiv fikrini əks etdirən “verilənlər bazası” anlayışının çoxlu tərifi mövcuddur, lakin hamının qəbul etdiyi vahid bir tərif yoxdur. Əziz oxucunu əsas fikirdən yayındırmamaq üçün bu məqalədə bütün bu tərifləri göstərməmək qərarına gəldim, çünki bunların sayı həqiqətən də çoxdur. Oxucu həmin tərifləri internet resuslarında asanlıqla tapıb maraqlana bilər. Nəticə etibarilə, bütün təriflərdə (açıq-aydın və ya gizli) fərqləndirici əlamətlər mövcuddur:
1. Verilənlər bazası hesablama sistemlərində saxlanılır və emal edilir. Beləliklə, kompüterdən kənarda saxlanılan məlumat toplusu (arxivlər, kitabxanalar, kartotekalar və s.) verilənlər bazası sayılmır.
2. Hesablama sistemlərində effektiv axtarışı və emal edilməsi məqsədilə verilənlər bazasında verilənlər məntiqi strukturlaşdırılmışdır (sistemləşdirilmişdir).
3. Verilənlər bazasına onun məntiqi strukturunu formal şəkildə (hər hansı bir modelə uyğun) təsvir edən sxem və ya “metadata” (verilənlər barədə məlumatlar) daxildir.
Belə vəziyyətdə hamı tərəfindən qəbul edilmiş təcrübə də öz rolunu oynamır. Ona uyğun olaraq, məsələn, fayl arxivləri, internet-portallar və ya elektron cədvəllər verilənlər bazası adlandırılmır, baxmayaraq ki, onlar müəyyən dərəcədə verilənlər bazalarının əlamətlərinə malikdirlər. Qəbul olunmuşdur ki, həmin dərəcələr kifayət etmir (hərçənd, istisnalar ola bilər).
2. Məlumat bazası
Göründüyü kimi, iki sözdən ibarətdir “məlumat” və “baza”. Baza sözünü yuxarıda izah etdik. Indi isə “məlumat” sözünü təhlil edək. “Azərbaycan dilinin izahlı lüğəti”ndə deyilir:
Məlumat [ər. “məlum” söz. cəmi]
1. Bir şey haqqında bilik, xəbərdarlıq.
2. Bir şey haqqında şifahı və ya yazılı arayış, bildiriş, izahat.
3. Xəbər, xəbərdarlıq.
“Məlumat” sözünün mənasına istinadən “məlumat bazası” söz birləşməsini “biliklər bazası” və ya “xəbərlər bazası” ilə əvəz edə bilərikmi? Burada digər bir sual yaranır: “database” terminini “məlumat bazası” və ya “məlumatlar bazası” kimi təqdim edə bilərikmi? Biz yuxarıda kitab rəfini baza, rəfdə olan kitabları isə verilənlər kimi təsəvvür etdik. Biz kitab rəfindəki kitabları asan tapmaq üçün kitabların adlarını, müəlliflərini, buraxılış ilini, yerləşdiyi sıranı və s. kompüterimizdə nizamlı şəkildə yerləşdirdik. Bizə lazım olan kitab haqqında (kitab rəfin neçənci sırasında və harasında yerləşdiyi, kitabın rəfdə mövcudluğu, müəllifi, buraxılış ili və s. barədə) məlumatı yaratdığımız bazadan asanlıqla tapa bilərik. Beləliklə, bazadan aldığımız sorğunun nəticəsindən məlumat əldə edirik. Axtarış sistemlərində: “google”, “yandex” və s. axtarış edəndə həmin axtarış sistemləri bizə istədiyimiz məlumatı verir. Bəs aldığımız ayrı-ayrı məlumatlardan biz baza yarada bilərikmi? Yuxarıda qeyd etdik ki, bazanın əsasını verilənlər təşkil edir. Kitabın adı, müəllifi və buraxılış ili barədə bilgilər – məlumatlardır. Bu məlumatlardan baza yaratmaq üçün biz onları kompüterlərlə və ya digər avtomatlaşdırılmış vasitələrlə ötürülməsi və emal edilməsi üçün yararlı səkilə salmalıyıq. Bu şəkildə təqdim edilmiş məlumatlar artıq verilənlərə çevrilir. Beləliklə, məlumat verilənlər bazasından və ya digər mənbələrdən (arxivlərdən, kartotekalardan, telefon kitabçalarından, oxuduğumuz kitablardan, televiziya və radiodan və s., ) alınan nəticə və xəbərdir və verilənlər anlayışından fərqlənir. “Database” terminini “məlumat bazası” şəklində təqdim etsək “database” termininin özünü yox, ondan alınan nəticəni tərif etmiş oluruq.
3. İnformasiya bazası
Bu söz birləşməsi “database” terminin tərcümə edilməsi zamanı daha az istifadə olunur. Göründüyü kimi, iki sözdən ibarətdir “informasiya” və “baza”. “Azərbaycan dilinin izahlı lüğəti”nə əsasən:
İnformasiya [lat. ]
1. Məlumatlar məcmusu.
2. İnformasiya anlayışlarından biri.
“Böyük ensiklopedik lüğət”də informasiya sözü belə tərif olunur:
“İnformasiya – insanlar arasında, insanla avtomat arasında, avtomatla avtomat arasında məlumat mübadiləsini; heyvanlar və bitkilər aləmində siqnalların mübadiləsini; hüceyrədən hüceyrəyə, orqanizmdən orqanizmə əlamətlərin ötürülməsini ( genetik informasiyanı) özündə əks etdirən ümumi elmi anlayışdır”.
Qeyd etmək lazımdır ki, “Azərbaycan dilinin sinonimlər lüğəti”ndə “məlumat” və “informasiya” sözləri sinonim kimi göstərilməyib. İnformasiya (lat. “informatio” – aydınlaşdırma, izah etmə, məlumatlılıq) – təqdim edilməsindən asılı olmayaraq yığılan müəyyən məlumatlar məcmusudur. Beləliklə, görürük ki, “informasiya” sözü daha geniş məna daşıyır. “İnformasiya” sözünün başqa bir tərifi: məlumatların alınması nəticəsində azalan, aradan qaldırılan qeyri-müəyyənlikdir. Yuxarıda qeyd etdik ki, məlumatlar verilənlər bazasından və ya digər mənbələrdən alınan nəticə və xəbərdir. İnformasiya isə həmin məlumatların alınması nəticəsində aradan qaldırılmış qeyri-müəyyənlikdir. Beləliklə, informasiya verilənlər bazası və digər mənbələrin emalı nəticəsində yaranan və ötürülmək, mübadilə edilmək, alınmaq, saxlanılmaq və s. üçün nəzərdə tutulan məlumatların məcmusudur. Eyni ilə “database” terminini “informasiya bazası” şəklində təqdim etsək “database” termininin özünü yox, ondan alınan nəticələrin məcmusunu tərif etmiş oluruq.
Araşdırmamızı yekunlaşdırsaq belə bir nəticəyə gəlirik ki, “database” termini “verilənlər bazası” şəklində tərcümə edilməsi və işlənməsi daha məntiqlidir.
İnanıram ki, faydalı olacaq.
Növbəti məqalədə verilənlər bazalarının modelləri barədə məlumat verməyə və “ralasiya”, “realyasiya” və “əlaqəli” sözlərini araşdırmağa çalışacağam.
Şərhlər ( 6 )
Rauf müəllim,
Məqalə üçün təşəkkür edirik. Səbirsizliklə davamını gözləyirik.
Elgüc bəy, bu fürsəti yaratdığınız üçün məndə sizə təşəkkur edirəm! İnşaAllah davamlı şəkildə iştirak etməyə çalışacağam.
Dəyərli məlumatlara görə çox sağ olun, Rauf müəllim.
“İnformasiya” və “Məlumat” anlayışları oxşar olsa da, onlar arasında müəyyən fərq var. Belə ki, “Məlumat” “İnformasiya”ya nisbətən daha geniş anlayışdır. Ümumiyyətlə, dilçi alimlərimiz artıq bu mövzunu geniş araşdırmalıdırlar. Çünki, bir terminin bizim dildə bir neçə tərcüməsi vardır, məsələn: ana plata, sistem plata, güc mənbəyi, qida mənbəyi və s. Olur ki, bir dəfə güc mənbəyi deyirsən, ikinci dəfə qida mənbəyi deyəndə anlaşılmazlıq yaranır. ИМХО
Ilgar bəy. İnformasiya məlumatların məcmusudursa və məlumatların alınması nəticəsində azalan, aradan qaldırılan qeyri-müəyyənlikdisə “Məlumat” anlayışı “İnformasiya”ya nisbətən nə dərəcədə geniş ola bilər? Ümumiyyətlə, məqalə araşdırma məqsədi daşıyır və hər bir düzəliş bizim üçün dəyərlidir. Məsələ bundadır ki, terminlərin əksəriyyətinin düzgün tərcümə olunmaması səbəbi dilçi alimlərimizin bu sahədə biliklərinin az olması və ya olmaması ilə qaynaqlanır. Hesab edirəm ki, İKT sahəsinin mütəxəssisləri də onlara bu istiqamətdə dəstək olmalıdır.
Rauf bəy, təşəkkür edirəm. Bəyənilsin! 🙂