LiveCD vasitəsilə Linuxdan istifadə
Adətən, ƏS kompüterin sərt diskinə quraşdırılır. Yeni ƏS-nin quraşdırılması üçün vinçesterdə bir neçə giqobaytlıq yer ayırmaq lazımdır. Bu bölmədəki məlumatlar başqa diskə və ya bölməyə köçürülməlidir. Əks halda bütün məlumatlar itə bilər. Əgər sərt disk hissələrə bölünməyibsə, onda onu yenidən bölmək lazım gələcək. İndi təsəvvür edin ki, siz yeni ƏS-ni quraşdırmısız, lakin, onu bəyənmirsiz. Deməli, bütün əziyyətiniz hədər gedib.
Linux sizə imkan verir ki, siz əvvəlcə onu sadəcə nəzərdən keçirəsiniz. Bəyənirsinizsə və istifadə etmək istəyirsinizsə onu vinçestrə quraşdıra bilərsiniz. Siz Linuxu birbaşa olaraq CD-dən işə sala bilərsiniz. Bu zaman sizin sərt diskinizdə bir bayt da yer tələb olunmur. Beləliklə, siz sərt diskdən istifadə etmədən Linuxu işə salırsınız və istifadə edirsiniz. Bunun üçün Linux distributivlərinin proqramçıları sistemin və bəzi proqramların işə salınması üçün lazım olan bütün faylları LiveCD və ya LiveDVD adlanan bir CD (DVD) diskə yığırlar. Bu CD-dən siz öz kompüterinizdə Linuxu işə sala bilərsiniz. Bunun üçün siz aşağıdakıları etməlisiz:
- Linuxun LiveCD obrazını endirmək;
- Onu boş CD diskə yazmaq;
- Bu diski CD-ROM-a qoymaq;
- Kompüteri yenidən işə salmaq.
Kompüteri yenidən işa saldığınız zaman BIOS (BIOS Setup)-a daxil olmaq və yüklənmənin (Boot) hansı qurğudan yerinə yetiriləcəyini qeyd etməyi unutmayın. Yəni, qurğuların adları olan sıranı dəyişmək lazımdır: sizin sistem CD-dən yüklənməlidir, buna görə də CD-ROM siyahıda birinci dayanmalıdır.
Bütün distributivlər üçün LiveCD-lər hazırlanıb. Məşhur Debian distributivini hazırlayan proqramçılar ayrıca bir Knoppix adlı layihə yaradıblar. Bu layihənin yeganə məqsədi – LiveCD-lər yaratmaq və yaymaqdır. Qeyd edim ki, LiveCD vasitəsilə işə salınan sistem kompüterin vinçesterində quraşdırılmış sistemlə müqayisədə çox gec işləyəcək. Belə ki, sistemin işi üçün lazımlı olan bütün fayllar CD-dən oxunacaq. Optik disklərdən oxunmanın sürəti vinçesterdən oxunmanın sürətindən dəfələrlə aşağıdır. LiveCD-lər sizə sistemə ilkin nəzər salmaq imkanı verir, həmçinin, onu müvəqqəti istifadə üçün quraşdıra bilərsiniz.