Viber alındı
Yapon elektron kitab oxuyucu və ticarət şirkəti olan Rakuten Viber proqramını 900 milyon dollara satın aldı. Rakutenin əsas məqsədi dünyanın bir nömrəli internet xidmətləri şirkəti olmaqdır, programı satın almaqda da əsas məqsədi bu hədəfə doğru irəliləməkdir. Çünki Viberi xidmətlərinə əlavə etməklə şirkət istifadəçi sayını 300 milyona çatdıra bilər. Viber getdikcə böyüyür, əsasən də Orta Şərq və Birləşmiş Ştatlarda yayılır, sözsüz ki, Rakuten də bu üstünlükdən istifadə etmək istəyir.
Viber ilk dəfə 2010-cu ildə I-Phone istifadəçiləri üçün 3G və ya wifi vasitəsilə danışıq, mesajlaşma proqramı olaraq işə salınmışdı. Daha sonralar isə Android, Windows Phone , Mac OS X kimi bir çox sistemdə istifadə olunmağa başladı. Dünyada 200 milyondan çox istifadəçisi olan Viber Skype`a ən böyük rəqib sayılır.
Əslində Rakuten Viber almaqla mesaj və video proqramları arasındakı rəqabətə qoşulur. Halhazırda bütün dünyada Whatsapp proqramının aylıq 400 milyon, Skype`n isə 300 milyon, Facebookun isə 1 milyarddan çox istifadəçisi var. Bütün bunlara baxmayaraq, Rakutenin CEO-su Hiroshi Mikitani inanır ki, Viber`in oyun platforması kimi də çox böyük potensiyalı var. Bu potensiyalın yaranmasında əsas səbəb Viber`in keçən il oyun və başqa xidmətlərlə komputer proqramı kimi də fəaliyyətə başlamasıdır.
Rakuten axır vaxtlar etdiyi böyük alış-verişlərlə gündəmdədir. Viberdan əvvəl e-kitab oxuyucusu Kobonu, Wuaki.tv və Vikini özünə qatmış, Pinterest`dən isə böyük hissə almışdı.