Amazon Octocopterlə çatdıracaq malları
Amazon (wiki) öz müştərilərini daha da razı salmaq məqsədi ilə kitab çatdırılma üsuluna yeni birini də əlavə etdi. Bu haqda ictimaiyyətə məlumatı şirkətin başçısı Ceff Bezos xəbər verib.
“CBS News” telekanalının “60 dəqiqə” verilişinə verdiyi müsahibə zamanı Bezos bildirib ki, onun şirkəti hazırda Octocopter adlı gizli elmi tədqiqat layihəsi üzərində çalışır. “USA Today” qəzetinin verdiyi məlumata görə həmin gizli araşdırmanın nəticəsində Amazon öz mallarını müştərilərinə artıq pilotsuz təyyarələr vasitəsilə çatdıracaq. Hətta indidən “Twitter” də yaranan texnikanın “gülməli” versiyalarının fotoları da meydana çıxıb.
Verilən məlumatlara görə ortaya çıxacaq yeni “möcüzə” nin hazır olub istifadəyə verilməsinə nə az, nə çox 4-5 il vaxt lazımdır. Amazon özünün pilotsuz təyyarə sistemini “Prime Air” adlandırır.
Yeri gəlmişkən onu da xatırladaq ki, Amazon keçən ilin mart ayında dəyəri 775 milyon dollar olan anbar robotları istehsalı ilə məşğul olan “Kiva Systems” şirkətini almışdı. Robotların əsas məqsədi malların yığılması və çatdırılması prosesini sürətləndirməkdir.
Hazırda isə Federal Aviasiya Agentliyi (FFA) pilotsuz uçuş aparatlarından kommersiya məqsədi ilə istifadə olunmasına qadağa qoyur.(!) Hətta yerli qanun keşikçilərinin belə qurğudan qanunsuz hərəkətləri izləmək və işlərini daha rahatlaşdırmaq məqsədilə istifadə etmək istəyi etirazla qarşılanır. Buna görə də Amazon əldə edəcəyi yeni qurğunun istifadəsi üçün FFA və yerli qanun keşikçilərini fikirlərindən daşındırmaq üçün kifayət qədər güclü arqumentlər fikirləşməlidir. Hazırda isə Vaşinqton pilotsuz qurğuların istifadəsini qadağan edəcək qanun layihəsi üzərində çalışır. Başqa ştatlar da artıq Vaşinqtonun misalına uyğun hərəkət etməyə başlayıblar. Qəbul olunan bu qərarlar Amazonun yeni layihəsinin reallaşmasını bir xeyli çətinləşdirəcək. Çox güman ki, yeni qurğunun ilk təcrübi uçuşları Amazonun Sietldə yerləşən baş qərargahında keçiriləcək.