@-in tarixi (Araşdırma)
Demək olar ki, hər gün çoxumuz e-mail yazarkən və ya kiməsə e-mail adresimizi verərkən bu simvoldan istifadə edirik. Bəs @ işarəsinin əslində haradan gəldiyini və mənasını bilirik?
Bu işarə 5 əsr əvvəl indiki mənasından çox fərqli olan bir məqsədə xidmət edirdi. İtalyan akademikin iddiasına görə bu simvola ilk dəfə 4 may 1536-cı ildə Florensiyalı tacir Francesco Lapi`nin Sevilyedən Romaya göndərdiyi sənəddə rast gəlinir. Lapi yazdığı məktubda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ simvolundan ölçü vahidi kimi istifadə etmişdir. Onu da əlavə edək ki, halhazırda bu simvol İspaniyada 11,5 kq-a bərabər olan ölçü vahidi olaraq da işlənir. Həmin vaxtlar çəlləyin 13-də 1-nə bərabər sayılan ölçü vahidi @ sonralar yazı makinasına əlavə edildi. Vaxt keçdikcə funksiyası dəyişən bu simvol sonralar malın bir ədədinin qiymətini göstərmək üçün istifadə edilirdi. (məs: ədədi 1 manatdan 10 məhsul- 10 məhsul@1 manat)
1971-ci ildə proqramçı Ray Tomlinson elektron poçt sistemini işə salarkən bu işarənin e-mail serverlərindəki istifadəçilərin təyin edilməsi üçün uyğun olduğuna qərar verdi. Elə həmin tarixdən etibarən @ bugünkü formasını qazandı.
Daha geniş şəkildə 1990-cı illərdə istifadə olunmağa başlayan @ dünyada “at”-/æt/olaraq tanınsa da, müxtəlif ölkələrdə öz dillərinə uyğun adlar da qazanıb. Bəzi dillərdən nümunələrə nəzər sala bilərik:
Azərbaycan dili: at /ət/ (Təbii ki öz dilimizə mənsub maraqlı ifadə daha məqsədə uyğun olardı)
Alman dili: Klammeraffe (“hörümcək meymun”)
Bosniya və Serb dili: ludo a ( “dəli a”)
Çin dili: quan a (“əhatələnmiş a”)
Holland dili: apenstaartje (“meymun quyruğu”)
İtalyan dili: chiocciola (“ilbiz”)
İsveç dili: snabela (“fil xortumu a”)
Rus dili: собачка (“it”)
Türk dili: kuyruklu a (“quyruqlu a”)