“Dijital kitab savaşı”nda Google qalib gəldi
ABŞ məhkəməsi Google və yazıçılar arasında davam edən 8 illik mübahisəyə son qoydu. Belə ki, kitabları skayner vasitəsilə köçürüb internetdə yayımlayan Google ABŞ Yazıçılar İttifaqına qarşı verdiyi hüquq savaşında qazanan tərəf oldu. Qeyd edək ki, Google bu fəaliyyətə 2004-cü ildə başlamış, 2005-ci ildə isə yazıçıların şikayətilə qarşılaşmışdı. Nyu Yorkda bölgə məhkəməsi hakimi Denny Chin Google`ın iddiasını qəbul etdi və kitabların skayner vasitəsilə köçürülüb yayımlanmasına icazə verildiyini elan etdi. Hakim Google`ın bu fəalliyyətinin cəmiyyətə faydalı olduğunu bildirdi və kitabların internet üstündən satılmadığına, hətta bütöv şəkildə belə yayımlanmadığına, sadəcə müəyyən hissələrinin paylaşıldığına diqqət çəkdi. Qərara görə, Google “ABŞ Müəlliflik Hüquqları”nı pozmadığı müddətcə, kifayət qədər tələbat olduqca kitabları yayımlamağa davam edə bilər. Chin qeyd edir ki, yazıçıların hüquqlarına hörmətlə yanaşıldığı təqdirdə, bu fəaliyyət tələbələrin, müəllimlərin, tədqiqatçıların işini asanlaşdıracaq, bəlkə də kitab satışlarını azaltmayıb gözlənilənin əksinə artıracaq və bu fəaliyyət nəticəsində artıq çap edilməyən köhnə kitabların bir çoxuna yenidən həyat veriləcək. Google 2004-cü ildə bir neçə böyük kitabxanalarla razılaşaraq kitabları dijital formada köçürməyə başlamışdı. Kitabları köçürülən kitabxanalar içərisində Harvard Universiteti, Oksford Universiteti, Kaliforniya Universiteti, Nyu-York İctimai Kitabxanası da var. Bugünə qədər 20 milyondan çox kitab dijital aləmə köçürülüb.
Müəllif: Günel Yaqubova