IT-də karyera və beynəlxalq sertifikatlar (2-ci hissə)
Karyera qurmağa başlayarkən hər birimizin hansı sahədə olmağından asılı olmayaraq beynəlxalq sertifikatlar haqqında düşünürük. Beynəlxalq sertifikatların ən çox maraq göstərilən və tələb olunan sahələrindən biri İnformasiya Texnologiyaları sahəsidir. Son illərdə informasiya texnologiyaları biznesə və şəxsi həyata o qədər inteqrasiya edib ki, artıq şirkətlər və şəxslər buna qarşı biganə qala bilmirlər. Bu səbəbdən informasiya texnologiyaları sahəsinin müxtəlif istiqamətlərində çalışan mütəxəssislərə ehtiyac var. İnformasiya texnologiyaları sahəsində çalışan birinin bu sahənin mütəxəssisi olmasını müəyyən etməyin asan yollarından biri onun beynəlxalq sertifikatlarının olmasıdır. Təbii ki, o qədər mütəxəssislər var ki, savadlı və biliklidirlər, amma beynəlxalq sertifikatları yoxdur. Mənim öz ətrafımda kifayət qədər dostlarım var ki, sertifikatları yoxdur. Amma çox dəyərli mütəxəssislərdir. Sertifikat tam olaraq savadı ölçməsə də, ancaq onu təsdiq edən sənəddir. Amma hər hansı vakansiyaya “CV” göndərilsə, çox vaxt birinci sertifikatı olan “CV”-yə üstünlük verilir. Daha sonra sual-cavab ilə savad və biliyiniz yoxlanılır.
Məqalədə sertifikat qeyd edərkən, beynəlxalq sertifikat nəzərdə tutulur.Şirkətlər əməkdaşlarının sertifikatı olmasında maraqlıdırlar. Çünki işçi motivasiya olur, özgüvəni artır. Eyni zamanda işlədiyi komanda da digər komanda yoldaşları da həvəslənirlər və aralarında yaxşı mənada rəqabət olur.Bundan başqa sertifikatlar maaşlara təsir edə bilir. Karyerada irəliləməkdə sizə həmişə xal qazandırır.İnformasiya texnologiyaları geniş olduğuna və burada istiqamətlər çox olduğuna görə mən əsas sistem inzibatçılığı ( Windows Server, Red Hat), şəbəkə inzibatçılığı və avadanlıq inzibatçılığı(server, saxlanc) istiqamətlərində olan sertifikatlardan danışacam. Ən məşhur beynəlxalq sertifikatı olan istehsalçıların bir neçəsi aşağıdakılardır: Microsoft, HP, Dell, RedHat, Cisco, VMware, PaloAlto, FortiNet, Juniper, Backup Exec, Veaam Backup və.s nümunə göstərmək olar.
Beynəlxalq sertifikatlar əsasən bir neçə mərhələdən ibarət olur.Bəs bu sertifikatları necə əldə edə bilərik? Bu sualı soruşduğunuzu eşidirəm.Sertifikatlara həm özünüz, həm də təlim mərkəzlərində hazırlaşa bilərsiniz.Təlim mərkəzində hazırlaşmağın üstünlüyü budur ki, təlimçi sizin oxuyub, öyrənməyinizə nəzarət edir.Sizə daha asan və əlverişli yolu göstərir.Eyni zamanda daim məsləhətləşə biləcəyiniz və tövsiyyələrini alacağınız təlimçi və mentor qazanırsınız.Ancaq hər hansı təlim mərkəzinə qərar verməmişdən əvvəl mütləq təlim mərkəzinin nəticələri ilə maraqlanın. Həmin təlim mərkəzində təlim keçmiş şəxslərin fikrini alın. Sizə hər hansı istiqaməti tədris edəcək təlimçi haqqında araşdırma edin.Çalışın ki, təlimçinin bu sahədə texniki bilikləri ilə yanaşı həm də təlimçilik təcrübəsi olsun. Hər texniki bilikli şəxs tədris edə bilmir.Eyni zamanda təlimçinin sertifikatlaşmış biri olmasına da diqqət edin. Hər iki yol ilə öyrənə biləcəyimizi bildikdən sonra indi sertifikatlar haqqında danışağın. Məqalənin əvvəlində də qeyd etdiyim kimi mən əsas üstünlüyü sistem inzibatçılığı istiqamətinə verəcəm.Ölkəmizdə bu istiqamətdə daha çox iş imkanları var.Ən azı kiçik bir yerdə başlayıb həm texniki xidmət mütəxəssisi, həm də kiçik sistem inzibatçılığı işlərini görmək mümkündür.Sistem inzibatçılığı deyərkən əsasən Windows Server və Linux anlaşılır. Amma təbii ki, sistem inzibatçısı bunlardan hər hansı birinin ardınca getməyinə baxmayaraq, ona virtuallaşdırma, elektron poçt xidmətləri, müəyyən qədər şəbəkə və təhlükəsizlik divarı bilikləri, fiziki serverlər və saxlanc avadanlıqları ilə işləmə bacarığı da lazımdır. Ancaq şəbəkənin özü ayrıca istiqamət olduğu üçün sistem inzibatçısı ona lazım olan qədərini bilməsi kifayətdir.Bir çox xarici ölkələrdə yuxarıda sadaladıqlarım demək olar ki, ayrıca istiqamətdir və hər bir istiqamətdə mütəxəssislər var. Microsoft şirkətinin ən geniş yayılmış sertifikatları əsas iki mərhələdən ibarət olur. Bunlar MCSA(Microsoft Certified Solutions Asociate) və MCSE(Microsoft Certified Solutions Expert) adlanır. Hər bir mərhələ özündə bir neçə imtahanı birləşdirir.Microsoftun sertifikatlaşdırmasında hansı istiqamətə getməyinizdən asılı olmayaraq, mütləq MCSA mərhələsindən keçməlisiniz.Bu mərhələ hal-hazırda özündə 3 imtahanı birləşdirir.MCSA aldıqdan sonra MCSE olmaq üçün aşağıdakı istiqamətlərdən birini və bir neçəsini seçə bilərsiniz. Bu imtahanlara daxil olmaq üçün rəsmi təlim mərkəzində təlim keçməyə ehtiyac yoxdur.İmtahanın qiyməti 80$-dır. Tələbələr üçün isə 44$-dır. Ancaq bunun üçün bir neçə şərtləri var.Ən əsas şərt budur ki, qeydiyyat zamanı universitetin sizin adınıza verdiyi elektron poçtu istifadə etməlisiniz. Bir dəfə ödənişlə imtahana bir dəfə daxil olmaq olur. Bəzən isə “second shoot” olur ki, biraz artıq ödəniş etməklə imtahandan kəsildiyiniz halda 1 ay içində ikinci dəfə imtahana ödənişsiz daxil ola bilirsiniz.İmtahanları Bakı şəhərində bir neçə rəsmi imtahan mərkəzlərində verə bilirsiniz.Bu imtahan mərkəzlərini Pearson VUE-dan qeydiyyatdan keçərkən siyahı şəklində görə bilərsiniz.İmtahana qeydiyyatdan keçməyiniz barədə sizə rəsmi elektron məktub gəlir. Təyin olunmuş zamanda isə şəxsiyyətinizi təsdiq edən 2 sənədlə imtahan mərkəzinə yaxınlaşıb, imtahana daxil olursunuz.Microsoftun sistem inzibatçılığı üçün bir neçə imtahanları var.Hansı ki, bu sertifikatlar sayılıb, seçilən sertifikatlardandır. Bu imtahanların hansı olması barədə internetdə “Microsoft Certification Roadmap” deyə axtarış etsəniz, ətraflı məlumatlar əldə edə bilərsiniz.
Digər tələb olunan sertifikat isə Cisco şirkətinin sertifikatlarıdır.Cisco şəbəkə üzrə ixtisaslaşmış şirkətdir.Cisco şirkətinin ən geniş yayılmış və çox müraciət olunan sertifikatları CCNA(Cisco Certified Network Associate) və CCNP(Cisco Certified Network Professional) sertifikatlarıdır.Sizin ilkin olaraq alacağınız sertifikat CCNA sertifikatı olacaq.Bir imtahanla bu sertifikatı əldə edə bilirsiniz. Qiyməti təxmini 325$ məbləğindədir. CCNP olmaq üçün isə 3 imtahan verməlisiniz. İmtahanları uğurla bitirdikdən sonra siz CCNP olursunuz. CCNP olmaq üçün 3 imtahanın birlikdə məbləği 900$ edir. İmtahan yenə PearsonVUE qaydalarına uyğun olaraq, orada siyahıda qeyd olunan Bakıdakı rəsmi imtahan mərkəzlərində keçirilir.Sistem inzibatçılarının da şəbəkə biliklərinin olması faydalıdır. Şəbəkə inzibatçısı səviyyədə bilməsə də heç olmasa switch və router-la işləyəcək səviyyədə bilməsi müsbət haldır. CCNA imtahanına hazırlaşacaq qədər olmasa da olar.
Sistem inzibatçılarının digər olmazsa, olmaz bilik və bacarıqlarından biri virtuallaşdırmadır.Bir neçə virtuallaşdırma platformaları var.Ən geniş yayılmışları isə VMware vSphere və Microsoft Hyper-V-dir.Hyper-V Microsoft imtahanları daxilindədir. vSphere başqa istehsalçının məhsulu olduğuna görə ayrıca şərtləri və qaydaları var.VMware istehsalçısının bir çox virtuallaşdırma məhsulları var.Nümunə üçün data mərkəzin, son istifadəçilərin, şəbəkələrin virtuallaşdırılması və.s var.Hal-hazırda bir çox şirkət tərəfindən geniş istifadə olunur.VMware-də giriş imtahanı VCA(VMware Certified Associate) var.Bu imtahanın qiyməti 125$-dır.İmtahan online şəkildə olur. Adətən ümumi məlumatlar olur. Daha üst səviyyə imtahan isə VCP(VMware Certified Professional)-dir.VCP imtahanının qiyməti ABŞ-da 225$-dır.Bizim ölkəyə görə dəyişə bilər.Bunu dəqiqləşdirmək üçün qeydiyyat zamanı öz ölkəmizi seçib dəqiqləşdirə bilərik.VMware şirkətinin imtahana daxil olmaq üçün digər tələbi isə budur ki, mütləq rəsmi təlim mərkəzində təlimdə olmalısınız. Ölkədən asılı olaraq rəsmi təlimin qiyməti dəyişə bilər.Bizim ölkədə təxmini olaraq 5 günlük rəsmi təlimin qiyməti 1500-1800 AZN təşkil edir.Siz hətta vSphere çox əla bilsəniz belə sertifikat əldə edə bilmərsiniz. Bu səbəbdəndir ki, şirkətlər tərəfindən o qədər tələb olunmur bu sertifikat və mütəxəssislər də o qədər məbləğ sərf etmək istəmirlər. Sertifikatını almasanız belə mütləq virtuallaşdırmanı öyrənmək lazımdır. Müsahibələrdə virtuallaşdırma mövzularına xüsusi yer verilir.
Digər sistem inzibatçılığı Linux inzibatçılığıdır.Bu istiqamət də kifayət qədər tələb olunan istiqamətdir.Linux inzibatçılığının ən geniş yayılmış sertifikatlaşdırılması Red Hat sertifikatlarıdır.Bu sertifikatlaşdırma da digərləri kimi bir neçə mərhələyə bölünür.Ən çox tələb olunanlar isə RHCSA(Red Hat Certified System Administrator) və RHCE(Red Hat Certified Engineer) sertifikatlaşdırılmasıdır.Birinci mərhələ RHCSA-dır. Bu imtahan üçün rəsmi təlim mərkəzində təlim keçməyə ehtiyac yoxdur.Ölkəmizdə çox az yer var ki, ildə bir neçə dəfə bu imtahanı təşkil edir. İmtahan qiymətləri haqqında müxtəlif məlumatlar var. Ortalama götürsək 300-450$ aralığındadır.
Növbəti bizə üstünlük verən sertifikatlar server və saxlanc sertifikatlarını göstərmək olar.Bunları adətən çalışdığımız yerdə olan server və saxlanc avadanlıqları ilə işləyərkən öyrənirik.Bunların təlimləri çox baha olur. Təxmini qiymət aralığı olaraq 5 günlük təlim üçün 5.000-12.000$ məbləğ göstərmək olar. İstehsalçıdan və təlim keçən ölkədən asılı olaraq qiymətlər dəyişir.Əlinizin altında server yoxdursa, server simulyasiyalardan istifadə edə bilərsiniz. Saxlanc məntiqini isə müəyyən qədər də olsa, server üzərində saxlanc qurub, simulyasiya edə bilərsiniz.Bu istiqamətdə də ən məşhur istehsalçılardan olanlar HP, DELL, Lenovo və.s nümunə göstərmək olar. Mənim DELL EMC-dən sertifikatım olduğuna görə bu istehsalçı ilə olan təcrübəmdən məlumat verəcəm.Bu istiqamətdə də sertifikatlar bir neçə mərhələyə bölünür. DELL və EMC birləşdikdən sonra sertifikatların adlandırılması dəyişdi. Ən çox müraciət olunan sertifikatlar DECA(Dell EMC Certified Associate) və DECS(Dell EMC Certified Specialist)-dir.Qiyməti təxmini 200$ civarındadır. Amma reallıq budur ki, ölkəmizdə bunlara o qədər də tələb yoxdur.
Bu məqalədə istədim ki, sertifikatlar haqqında ətraflı məlumat verim. Ümid edirəm ki, faydalı məqalə oldu.