JBOD və RAID nədir?

Bu məqaləmizdə JBOD(Just a Bunch Of Disks)  və RAID(Redundant Array of Indepentdent Disks) haqqında danışacağıq. Bacardığım qədər çalışacam ki, bunları ətraflı izah edə bilim. İlk öncə məqaləyə JBOD ilə başlayaq. JBOD rəsmi olmayan həlldir. Bu səbəbdən şirkət daxilində bu həlləri görə bilmirik. Eyni zamanda böyük storage firmaları da bunu həll kimi təklif etmir. Bəs JBOD-u harada istifadə edə bilərik? Deyəlim ki, əlinizdə fərqli həcmlərdə disklər var, bunları birləşdirib JBOD edə bilərsiniz. Bu zaman bütün disklərin həcmləri toplanacaq. Digər fərqli xüsusiyyəti isə  məlumatın JBOD altında birləşdirilmiş disklərə ardıcıl yazılmasıdır. Yəni bir disk bitdikdən sonra ikinci diskə keçir. Bundan başqa disklərdən biri xarab olarsa, məlumat itkisi yaşanacaq.

İndi isə RAID-lər haqqında danışaq. Bizim məlumatların yazıldığı bütün disklər müəyyən səbəblərdən zədələnə bilərlər. Məlumatlarımız bizim üçün çox önəmli olduğuna görə maksimum şəkildə bu məlumatları qorumağa çalışırıq. Bu səbəbdən disklərimizi də zədələnmələrə qarşı qoruyuruq. Yuxarıda qeyd etdiyimiz problemi həll etmək üçün bir məlumatı iki və ya daha çox diskə yaza bilərik. Əslində özümüz də bilmədən RAID-in açıqlamasını verdik. Bunları təmin etmək üçün iki cür RAID var: 1) Software RAID 2) Hardware RAID

Software RAID

Adından da göründüyü kimi proqram səviyyəsində təmin olunan RAID-dir. Bu növ RAID-in təmin olunmasında əsas yük CPU-nun üzərinə düşür. Şirkət mühitlərində praktik olaraq çox az tətbiq edilir. Bundan başqa hardware RAID-in performansı software RAID-ə görə daha çoxdur.

 

Hardware RAID

Bu RAID növü isə RAID controller kartlar ilə təmin edilir. Aşağıdakı şəkildə nümunə görə bilərsiniz. Bu RAID növü daha çox RAID tipi dəstəkləyir, eyni zamanda yüksək performans təmin edir. Bundan başqa hardware RAID əməliyyat sistemindən asılı olmur.

Bir çox RAID tipləri var. Biz isə ən çox istifadə olunan RAID tipləri haqqında yazacağıq. Ancaq bu tiplər haqqında yazmamışdan əvvəl bəzi anlayışları izah etmək istərdim.

Hot Spare: RAID düzələn zaman hot spare imkanından faydalanırıqsa, bu zaman kənarda boş gözləyən diskimiz olur. RAID-in disklərinin hər hansı biri zədələndiyi zaman kənarda gözləyən bu disk həmin zədələnmiş diskin yerinə keçir və məlumatlar bu hot spare diskə yazılmağa başlayır.

Hot Swap: Bu funksionallıq vasitəsilə serverin işini saxlamadan zədələnmiş diski dəyişə bilirik.

RAID tiplərini qurmamışdan əvvəl daha bir neçə məsələni bilməyimizdə  fayda var. Belə ki, RAID qurulumu həyata keçirdən zaman bütün disklərin eyni RPM, eyni həcm olmasına ehtiyac yoxdur. Amma bir çox yerlərdə biz həmişə oxumuşuq və ya eşitmişik ki, RAID qurulan zaman bütün disklər eyni olmalıdır deyilir. Bu cümlədəki məna budur , əgər sizin 1 ədəd  600 GB 10K RPM diskiniz və 1 ədəd 900GB 15K RPM diskiniz varsa və bu diskləri istifadə edərək RAID qurulumu həyata keçirdirsinizsə, bütün disklər ən aşağı göstəricili disklərə uyğun təyin olunacaq. Yəni hər iki disk özünü 600GB 10K RPM kimi aparacaq. Həm performansdan həm də həcmdən itirməmək üçün çalışıb, eyni diskləri istifadə etməliyik.

RAID 0

Bu RAID tipində məlumatlar hissələrə bölünərək disklərə yazılır. Bu səbəbdən performans əldə etmək olur. Amma məlumat qorunması yoxdur. Disklərdən biri zədələnərsə, məlumatlarımız itər. RAID 0 qurmaq üçün bizə ən azı 2 disk lazımdır. Həcmdən isə itirmirik. Nümunə üçün 2 ədəd 300GB disk istifadə etsək, bu zaman RAID 0 qurulumundan sonra bizim 600 GB yerimiz olacaq.

RAID 1

RAID 1 qurulumunda isə biz məlumatlarımızı disklərin birinin sıradan çıxmasına baxmayaraq qoruya bilirik. Yəni yazılan məlumatlar hər iki diskə yazılır. Bu RAID tipində ən az 2 disk lazımdır. Həcmimiz isə ən kiçik diskin həcmidir. Nümunə üçün 2 ədəd 300GB disk istifadə etsək, bu zaman RAID 1 qurulumundan sonra bizim 300 GB yerimiz olacaq.

RAID 5

Biz həm performans həm də məlumatların qorunmasını istəyiriksə, bu zaman bu RAID tipini istifadə edə bilərik. RAID 5 qurmaq üçün bizə ən azı 3 disk lazımdır. Disklərdən biri zədələnərsə, bizim məlumatlarımız hələ də qorunacaq. Bizim 3 diskimiz olduğunu qəbul etsək, bu zaman məlumatlar 1-ci və 2-ci diskə yazılacaq, 3-cü diskə isə bu məlumatların alqoritmi yazılacaq. Növbəti məlumat 1-ci və 3-cü diskə yazılacaq, onun alqoritmi isə 2-ci diskə yazılacaq. Bu cür davam edir. RAID 5 qurulumunda bir disk həmişə parity üçün saxlanılır. Məlumatların disklərə yazılmasını isə XOR hesablama ilə təyin edir. XOR hesablama haqqında internetdə kifayət qədər məlumat var. Maraqlananlar araşdırıb, oxuya bilərlər. RAID 5-də həcmi hesablamaq üçün n-1 düsturunu istifadə edirik. Düsturdakı n- disklərin sayıdır. Nümunə üçün 3 ədəd 300GB diskimiz var. Bu zaman hesablama n-1=3-1=2*300GB=600GB olacaq.

 

RAID 6

Bu RAID tipi demək olar ki, elə RAID 5 kimidir. Fərqi isə burada 2 parity-nin olmasıdır. Bu səbəbdən ən az 4 disk ilə düzəldilməlidir. Amma eyni vaxtda 2 disk zədələnsə belə məlumatlarımız güvəndə olur. RAID 6-da həcmi hesablamaq üçün n-2 düsturunu istifadə edirik. Düsturdakı n- disklərin sayıdır. Nümunə üçün 4 ədəd 300GB diskimiz var. Bu zaman hesablama n-2=4-2=2*300GB=600GB olacaq.

RAID 10 və ya RAID 1+0

RAID 10 tipi RAID1 və RAID0 birləşməsindən ortaya çıxır. Daha dəqiq ifadə etsək, iki fərqli RAID 1 tipinin RAID 0 altında birləşməsidir. Aşağıdakı şəkildə nə demək istədiyim daha aydın görsənir. Bu tip üçün ən az 4 disk tələb olunur. Disklərdən 2-sinin zədələnməsinə baxmayaraq məlumatlarımız qorunur. Həcmi hesablamaq üçün isə ümumi həcmi 2-yə bölürük. Nümunə üçün 4 ədəd 300 GB diskimiz var. Bu zaman həcm belə hesablanır: 4*300/2=1200/2=600 GB

 

 

 

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərh yazın