Tələbələrin vəziyyəti, təcrübə axtarışı və Open Source haqqında manifest

Mövzumuza başlamazdan əvvəl, bu məqaləni yazmağımdakı məqsədi izah edim.
Facebook və digər şəbəkələrdə, tələbələrin fəryad dolu fikirlərinə əsasən belə nəticəyə gəlirəm ki, ölkə üzrə ən çox aldadılan cəmiyyət tələbə cəmiyyətidir. Hər işlər kimi, elmə ehtiyacı olan bu cavanları mənasız istiqamətlərə yönləndirib, haqsız qazanc əldə edənlərə qarşı addım olaraq mən, tələbələri maariflənməyə çağırıram. Həyatınızı üstündə quracağınız sahəyə maddiyyat kimi yox, mənəviyyat kimi baxmağınız lazımdır.
“Web programçı 2500 manat maaş alır. Gəlin öyrənin” deyən birisi, nə sizi çox istəyir, nə də sizə düzgün istiqamət verir.
Həmçinin universitetdə Operating Systems Concepts, Computer Architecture, C/C++, ASM və.s dərsləri keçəndə, ətrafdakı `mütəxəssis`-lər buna tələbin olmadığını deyərək, bəlkə də, hər hansı istedadlı, dərin biliyə yiyələnmək istəyən insanın həyatını məhv edirlər. Bəs nəyə tələb var? Oracle, Microsoft? Nə vaxt biz `istifadəçi` anlayışından, `istehsalçı` anlayışına keçəcik? Ağıllı insana hər gün sən dəlisən desən, özünü dəli hesab edər. Hər gün qulağı Oracle sözü eşidən insan elə bilər ki, dünya da Oracle istifadə edir. Daha araşdırmaz ki, ən böyük şirkətlər Google,Facebook,Twitter, Github Open Source-da fəaliyyət göstərir. Xahiş olunur, hər kəs bildiyi şeydən danışsın və gənclərin həyatı ilə heç kim oynamasın.

Bəli, bu tip dərinliyə enməyə, bəlkə də Azərbaycanda ehtiyac yoxdur. Linux kernel developer vakansiyası yoxdu Azərbaycanda olmayacaq da. Lakin, bu o demək deyil ki, dünyada buna tələb yoxdur. Azərbaycan İT-si istehsalçı yox, istifadəçidir. Hazır məhsul varsa, alıb istifadə edirlər. Pulun bol olduğu vaxtda, ümumiyyətlə düşünən yox idi ki, nəyə görə open source məhsul olan yerdə 1 milyon lisenziyaya pul verib məhsul alım?
Lakin gəlirlərin azaldığı vaxtda düşünürəm ki, artıq bəzi şirkətlərdə Open Source-a miqrasiya müzakirələri aparılacaq, bəlkə də aparılır.

Digər, məsələ, bizim sahənin hər hansı ofisə, məkana, yerə bağlı olmadığını anlamaq lazımdır. Səhər 9 axşam 6 bankda işləmək deyil bu sahə. Daha böyük düşünmək lazımdır. Məsələn, Lökbatanda evdə oturub hər hansı xarici şirkətin işlərini remote görmək olar, Kernel-ə patch yazmaq olar.
Dərhal gələn sual, xarici şirkət təcrübəli insan axtarır, təcrübə üçünsə iş lazımdı. Sualın cavabını tapmaq üçün sosial məsuliyyət anlayışından danışaq.
Məsələn, hər hansı mütəxəssis ciddi problemin həllini tapır, lakin bunun məqaləsini yazmır. Yazmırsa, mən onun bilik və məsuliyyət halından şübhə duyuram. Digər tərəfdən, məhsulda BUG tapır lakin, onu report etmir, fix etməkdə kömək etmir, mesajlara cavab yazmır. Yenə də, mən bu insanın sosial məsuliyyət naminə faydasızlığına inam gətirirəm.

Bu mövzunun işığında belə başa düşürük ki, Təcrübə qazanmaq üçün hansısa mənasız bankın, mənasız təcrübə proqramını gözləmək lazım deyil. Günü bugün, hər hansı Open Source proyektə girişib, dünya expertləri ilə əlaqalər yaradıb, bug tapıb, bug fix etməklə təcrübə qazanmaq olar. Ən azından, faydalılıq əmsalınız artacaq.

Gəldiyimiz nəticə budur ki, xaric camaatı, ilk olaraq fərdin sosial tərəfini, Open Source-da iştirakını, bug və bug fix-lərdə köməkdarlığını, daha sonra da onun həqiqi iş təcrübəsini qeydə alır. Burdakı incə məqam bundan ibarətdir ki, əgər bir insan tamamilə könüllü surətdə, Open Source proyektlərdə iştirak edir, səmimi surətdə davranırsa, deməli o həvəslidir, deməli o düşüncəlidir, deməli onda işıq var. O işığı az təcrübəli olsa belə, götürüb parlatmaq olar.

Bundan əlavə düşünməyin ki, Open Source-da iştirak üçün expert olmaq lazımdır. Xeyr, məsuliyyətli xaric camaatı, BUG-ları `easy to fix`, `for beginners` , `good first bug` və.s şəkildə klassifikasiya edirlər ki, yeni başlayanlar iştirak edə bilsinlər.
Məsələn, baxın – Emscripten proyekti
Open Source elə bir anlayışdır ki, orda sənə demirlər ki, sən bunları öyrənməlisən, orda sənin bildiyin sahədə mütləq bir task tapılacaq.
Hətta bu məqalə belə Ruslan və Elşadın Open Source aşiqlərinin süzgəcindən keçib. Çünki biz belə düşünürük ki, həyat paylaşana çox, gizlədənə az görsənir.

Son olaraq da, özümə uyğun Open Source proyekti necə tapım?
Özünüzə uyğun axtarış etmək üçün, məsələn BUG üzrə axtarışa etmək üçün, baxın:
http://issuehub.io/
Open Source proyektləri axtarmaq və iştirak etmək üçün baxın:
http://up-for-grabs.net/#/

Bundan əlavə özümüzün yerli Open Source proyektlərimiz var.
Python-da təcrübə qazanmaq üçün:

https://github.com/ShahriyarR/MySQL-AutoXtraBackup

C/C++-da təcrübə qazanmaq üçün kiçik bir proyekt:
https://github.com/Educational-MySQL/UDFs-written-in-Python

Həmçinin MySQL User Group-umuzda və Telegram qrupumuzda bu barədə müzakirələr aparırıq:

https://www.facebook.com/groups/mysql.azerbaijan/
https://telegram.me/azemug

Həyat lisenziyaya pul xərcləmək üçün çox qısadır.

Səs: +70. Bəyənilsin Zəifdir

Müəllif: Şəhriyar Rzayev

Şərhlər ( 6 )

  1. Çox əla məqalədi. Ağrılı acılı nöqtəyə toxunubsan. Var ol qardaş

  2. Bu məqaləni oxuyanda həqiqətən ləzət aldım. İstərdim ki, məqalə İT üzrə təhsil alan hər bir şəxsə çatsın.

    Bu arada qeyd etmək istərdim ki, yerli açıq mənbəli proyektlərdən biri “Əsrin Proqramlaşdırma Dili”dir. Hansı ki, Azərbaycan dilində yaradılmış ilk proqramlaşdırma dilidir və çox insanın bundan xəbəri yoxdur.

    Proyekt C/C++-da yazılmışdır:

    IDE-nin mənbə kodu:  http://esrin.org/yukle/Esrin_IDE.rar

    Kompilyatorun mənbə kodu: https://github.com/esrindev/src

     

Şərh yazın