“Bebras” beynəlxalq informatika müsabiqəsi 28 noyabr – 4 dekabr 2016

Azərbaycan ACM Bölməsinin təşkilatçılığı ilə informatika üzrə beynəlxalq “Bebras” müsabiqəsi çərçivəsində “Bebras” Həftəsi bu il 28 noyabr – 4 dekabr tarixlərində keçirilir. Təhsil Nazirliyinin dəstəyi ilə ADA Universiteti ACM Tələbə Bölməsi ilə birgə təşkil olunan müsabiqədə iştirak ödənişsizdir və maraqlanan məktəblər http://www.bebras.az veb-saytında qeydiyyatdan keçməyə dəvət olunur.
Beynəlxalq “Bebras” müsabiqəsi (“Bebras” International Contest on Informatics and Computational Thinking) şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini proqramlaşdırma bilikləri tələb etmədən qiymətləndirmək üçün hazırlanıb. Onlayn rejimdə keçirilən müsabiqə zamanı 1-11-ci sinif şagirdləri 40 dəqiqə ərzində öz yaş qruplarına uyğun 15 əyləncəli məsələni həll edir.
Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun üzvü, layihə rəhbəri Adil Əliyev deyir: “Alqoritmik düşüncə bu gün inkişafın zəruri faktoruna çevrilən proqramlaşdırma bacarıqlarının əsasıdır. Ümid edirik ki, bu müsabiqədə üzə çıxan istedadlı şagirdlər, gələcəkdə Beynəlxalq İnformatika Olimpiadası kimi yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək”.
Azərbaycan beynəlxalq “Bebras” Həftəsində ilk dəfə 2014-cü ilin dekabrında Bakı, İsmayıllı, Laçın, Lerik, Mingəçevir, Sumqayıt və Qaxdan olmaqla 82 məktəb və 4 184 şagirdlə qoşulmuşdu. Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən həftədə 109 nəfər ADA Universitetində təşkil olunmuş final mərhələsinə vəsiqə qazanmışdı. Finalda ən yüksək nəticə göstərmiş 20 şagird isə müxtəlif hədiyyələrlə təltif olunmuşdu.
Müsabiqə ilə maraqlanan məktəblərin müəllimləri http://www.bebras.az veb-saytı vasitəsilə koordinator kimi qeydiyyatdan keçməyə dəvət olunurlar. Təsdqi olunmuş koordinatorlar şagirdləri qeydiyyatdan keçirir və həftə ərzində yarışı öz məktəblərində təşkil edirlər. Hazırda 35 rayondan artıq 210 məktəb qeydiyyatdan keçib və bu il əvvəlki illərə nisbətən daha çox şagirdin iştirakı gözlənilir.

Müəllif: Elvin Əmirov

Şərh yazın