Microsoft SQL Server 2016 T-SQL yenilikləri. CHECKDB WITH MAXDOP
Salam Dostlar.
Informasiya Texnologiyaları sahəsi çox dinamik inkişaf edir, proqramlar, serverlər hər zaman yenilənir. “Microsoft” şirkətinin məhsulları da daim yenilənir. Bildiyiniz kimi SQL Server 2016 bu ilin iyun ayında işıq üzü görəcək. Hal-hazırda isə SQL Server 2016 Release Candidate 3 Mıcrosoft saytında sınaqlar üçün yerləşdirilib. Həmin versiyanı yükləyib yeni imkanlarla tanış ola bilərsiniz.
Microsoft SQL Server 2016 yeniliklərinə həsr olunmuş keçən məqalədə DROP IF EXISTS funksiyası ilə tanış olduq. SQL Server 2016 Transact-SQL dilinin yenilikləri barədə mövzumuzu davam edirik. Bu gün biz sizinlə CHECKDB əməliyyatı zamanı yeni yaranmış imkanı ilə tanış olacağıq. Qısaca desək, CHECKDB əməliyyatına yeni bir funksionallıq əlavə edilib – MAXDOP funksiyası. MAXDOP funksiyası serverin Max degree of parallelism ayarının ilk hərflərindən ibarət olan bir abreviaturadır. Bildiyiniz kimi DBCC CHECKDB əməliyyatı verilənlər bazasının bütövlülüyünü və işlək vəziyyətdə olduğunu yoxlamaq üçün ən mühüm əməliyyatdır. Verilənlər bazası inzibatçılarının əsas alətlərindən biridir. İlkin təyinetməyə görə (default) DBCC CHECKDB əməliyyatı yerinə yetirilən zaman serverin prosessorları tam olaraq istifadə olunur, yəni bu əməliyyat axını CPU-nun bütün nüvələrini əhatə edir. Bu da serverin ümumi məhsuldarlığını aşağı salır. İndi bu əməliyyat üçün CPU nüvələrinin sayını məhdudlaşdırmaq olar. Bununla da serverdə paralel olaraq yerinə yetirilən digər əməliyyatlar üçün də yer ayırmaq olar. Əvvəl CHECKDB əməliyyatı zamanı başqa əməliyyatlar yerinə yetirildikdə bu əməliyyatlar çox gec gedirdi və ya heç başa çatmırdı çünki CHECKDB əməliyyat prosessorların bütün nüvələrini zəbt edirdi. Ümumi sintaksis belədir:
DBCC CHECKDB(N'AdventureWorks2016CTP3') WITH MAXDOP = 2
Sonda əməliyyat üçün ayrılan nüvələrin sayını (əməliyyat axınına görə) təyin edirik. Başqa sözlə WITH MAXDOP funksiyası serverin max degree of parallelism ayarını “pozur” və təyin etdiyimiz qiyməti ilə dəyişir. Serverin Max degree of parallelism ayarı ilə daha ətraflı göstərilən səhifədən tanış ola bilərsiniz: SQL Server – Max Degree of Parallelism (MAXDOP). WITH MAXDOP funksiyası həmçinin DBCC CHECKTABLE və DBCC CHECKFILEGROUP əməliyyatları üçün də yararlıdır:
USE AdventureWorks2016CTP3 GO DBCC CHECKTABLE('Production.Product') WITH MAXDOP = 2 DBCC CHECKFILEGROUP(1) WITH MAXDOP = 2
Həmçinin DBCC CHECKDB əməliyyatı zamanı filtrləşdirilmiş indexlərin və PERSISTED ayarı olan COMPUTED sütunlarının yoxlanılması prosesi optimallaşdırılıb. Böyük həcmli cədvəllərin yoxlanılması vaxtı azaldılıb.
Hələlik bu qədər. Növbəti məqalələrdə görüşənədək.
Diqqətinizə görə təşəkkür edirəm.