Exceli öyrənə bilməməyimiz üçün 5 səbəb

Təxminən 3 il olar ki, Exceldən bildiklərimi başqalarına öyrətməyə başlamışam. Öyrətdiklərim insanların 80%-i Excel haqqında ilkin bilikləri olub, aralarında hətta bu proqramı ilk dəfə təlim zamanı açan da olub. Buna baxmayaraq, bu dostlarımdan artıq 4-ü proffesional səviyyədə Excelin tədrisi ilə məşğuldurlar. Bu 4 tələbəni “ulduz” hesab etsəm də, digər tələbələri də heç də başqalarından geri qalmır. Bütün bunları deməkdə məqsədim odur ki, indiyə kimi təlim keçdiyim 70-ə yaxın iştirakçını müşahidə edərək Onların öyrənməmə səbəbi kimi aşağıdakı qeydləri götürmüşəm.

  1. Tədris zamanı deyilənlərin böyük əksəriyyətini qeyd almaq istəyən şəxslər tədrisin sonunda uğurlu olmurlar. Məsələn, adi IF şərt funksiyasının izahı zamanı bir neçə tələbənin “=IF(A1>0;”müsbət ədəddir”;”mənfi ədəddir”) ” şəklində qeyd apardığını müşahidə eləmişəm. Növbəti dərsdə bu funksiyanın tətbiqinə dair tapşırıq verəndə həmin tələbələrin qeyd dəftərlərini axtardığını gördüm. Təbii ki, bu kimi qeydlərin aparılması birmənalı olaraq yalnışdır. Çünki, bu funksiyanı bir az da uzatsaq, bunun yadda saxlanılması demək olar ki, mümkün olmayacaq. Bu səbəbdən funksiyaların tələb etdiyi arqumentləri məntiqi olaraq başa düşmək və tətbiq etmək daha faydalıdır.
  2. Hansısa bir əmri izah edərkən, iştirakçıların Mənimlə bərabər bu işi icra etdiyini görürəm. Təəbii ki, eyni anda tətbiq etdiyindən nəzərindən qaçan məqamlar ola bilər. Bu da öz növbəsində mövzunun tam mənimsənilməməsi deməkdir. Məsələn, Verilənlərin məhdudlaşdırılmasını izah edərkən ümumi mahiyyəti başa düşməyinə baxmayaraq “Ignore blank” seçimini xatırlamaya bilirlər. Bu da qeyd etdiyim səbəblə əlaqədardır.
  3. Başa düşdükləri hansısa bir mövzunu müəllim izah edə-edə yanındakı yoldaşına izah etməsi kimi durumlar da var. Bu səbəbə görə təlimlərdə iştirakçılardan bir nömrəli xahişim kimin sualı olarsa birbaşa Mənə ünvanlanması olur. Yəqin ki, razılaşarsınız ki, dərsi yeni öyrənmiş tələbəninin izahı ilə müəllimin izahı arasında fərqlər yerlə göy qədərdir.
  4. Dərslərdə edilən tapşırıqların evdə təkrar edilməməsi. Təsəvvür edin, tədris müddətində 200-ə yaxın funksiya izah edilir. Bütün bu funksiyaları evdə təkrar etməklə daha da yaxşı mənimsənilməsinə nail olmaq olar. İstənilən halda evdə edilən tapşırıqlar biliklərinizin möhkəmləndirilməsi üçün əla şansdır.
  5. Dərsə davamiyyətin olmaması. Tədris zamanı dərsə davamiyyət çox önəmli məsələlərdən biridir. Çünki, dərslərin çoxu bir-biriylə zəncirvari şəkildə bağlı olduğuna görə ortada buraxılan bir dərsin fəsadları çox ola bilər.

Exceli bilənlər təsdiq edər ki, bu proqramı bilməklə Siz həm vaxtınıza qənaət edə, həm hesabatlarınızın daha mükəmməl olmasına nail ola bilərsiniz. Bu proqramı öyrənməmək üçün isə heç bir bəhanəniz yoxdur. Çünki, artıq doğma dilimizdə resurs bazası hazırlanmışdır.

 

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Nahid Nesirov

Şərh yazın