Exceldə Paste Special menyusunun davamı
Biz ötən yazımızda Paste Special (Xüsusi əlavə etmə) menyunun bir neçə əmri barədə danışmışdıq. İndi isə növbəti 5 əmri barədə məlumat verək.
8)Column width – Bu əmrin köməkliyi ilə bir sütunun enini başqa sütuna tətbiq edilir. Məsələn, deyək ki, Siz 1-ci işçi səhifəsində hazır bir cədvəl formatı hazırlamısınız. Eyni cədvəli 2-ci işçi səhifəsinə köçürəndə cədvəlin sütunlarının eni 1-ci səhifədə olduğu kimi köçürülmür. Bu problemi həll etmək üçün birinci cədvəlin sürətini aldıqdan (copy) sonra 2-ci işçi səhifəsində olan cədvəlin üzərinə gəlib, xüsusi əlavə etmə (paste special) bölməsindən Column width əmrini icra etmək lazımdır.
9)All using Source theme – Bu əmr o zaman aktual olur ki, biz bir neçə işçi kitabı ilə işləyirik. Nümunə üçün deyim ki, əgər Siz bir işçi kitabında işləyirsiniz və həmin kitabda özünüzə məxsus bir mövzu (theme) seçmisinizsə, və həmin mövzunun xüsusiyyətlərindən öz cədvəlinizdə tətbiq etmisinizsə, həmin xüsusiyyətləri həmin işçi kitabında hazırda işlədiyiniz işçi kitabına əlavə edə bilərsiniz.
10) Formulas and number formats – Bu əmr bir xanada olan həm funksiyanı, həm də həmin xananın tipini başqa xanaya köçürür. Bu hissəni daha yaxşı öyrənmək üçün x-ci səhifədə Xana tipləri barədə olan məlumatları oxumağınız tövsiyyə edilir.
11) Values and number formats – Bu əmr vasitəsi ilə həm dəyərlər, həm də xanaların tipləri başqa xanalara köçürülür. Bu hissəni daha yaxşı öyrənmək üçün x-ci səhifədə Xana tipləri barədə olan məlumatları oxumağınız tövsiyyə edilir.
12) All merging conditional formatting – Bu köçürülən xanada və köçürəcəyiniz xanada olan şərtli formatlamaları birləşdirərək köçürmək üçün istifadə edilir. Bu barədə daha ətraflı məlumatı şərtli formatlama hissəsində verəcəyik.
Biz yuxarıda xüsusi əlavə etmə (paste special) qrupundakı köçürmə növlərinə görə bir-birindən fərqlənən 12 əmri öyrənmiş olduq.
Növbəti yazımızda Operation (Əməliyyatlar) bölməsini öyrənəcəyik.