ECM – Korporativ İnformasiya Resurslarının İdarəetmə Sistemləri

Salam Dostlar.

İnformasiyanın sürətlə artığı müasir dövrümüzdə bəzi abreviatura və terminlərlə tez-tez rast gəlirik. ECM (İng. Enterprise Content Management) son zamanlar istifadə olunan daha bir abreviaturadır. Tərcüməsi – “Korporativ İnformasiya Resurslarının İdarəetmə Sistemləri”. Keçən məqalələrdən birində ERP – Müəssisə Resurslarının Planlaşdırılması Sistemləri ilə tanış olduq. Bugünkü məqalədə “ECM – Korporativ İnformasiya Resurslarının İdarəetmə Sistemləri” nədir və nəyə lazımdır suallarına asan dildə cavab verməyə və onların ERP sistemlərindən  fərqini izah etməyə çalışacağam.

ECM ilk növbədə proqram təminatıdır. Bu cür proqram təminatının əsas mahiyyəti şirkətin bütün şöbələrini və biznes proseslərini vahid bir bazaya cəmləyərək vahid bir sistem vasitəsilə idarə edilməsidir. Keçən məqalədə ERP sistemlərinə də eyni tərifi vermişdik. Hər ikisi proqram təminatıdırsa və şirkətin bütün biznes proseslərini əhatə edirsə bunlar eynidirmi və onları birləşdirmək olarmı və ya ERP sistemlərində həmin işləri görmək olarmı və, nəhayət, şirkətdə artıq ERP sistemi varsa sənədlərlə işləmək üçün ikinci bir sistemə ehtiyac varmı?

ERP və ECM sistemləri arasındakı fərqlər.

Bu cür sistemlərin araşdırılması və standartlaşdırılması ilə məşğul olan “AİİM” təşkilatının (İng. Association for Information and Image Management – İnformasiya və Təsvirlərin İdarə Edilməsi Məsələləri üzrə Assosiasiya) tərifinə görə ECM – şirkət daxilində informasiyanın yığılması, idarə edilməsi, saxlanılması və istifadəçilərə çatdırılması üçün istifadə edilən texnologiya, alət və üsulların toplusudur. Qeyd etmək lazımdır ki, son zamanlar “AİİM” təşkilatı özünü “The Enterprise Content Management Association”  adlandırmağa başladı.

İnformasiya texnologiyaları bazarında ixtisaslaşan elmi-tədqiqat və konsaltinq şirkəti olan “Gartner” ECM sistemlərinə aşağıdakı tərifini verir:

ECM termini korporativ informasiya resuslarının (kontentin) bütün növlərini və hərəkət dövrünü əhatə edən strateji platforma və texnoloji arxitekturasını əhatə edir. Strateji platforma baxımından ECM korporativ informasiya resuslarını nəzarət altına alınmasında və bununla da məhsuldarlığı artırılmasında, əməkdaşlığın təşviqində, uyğunluq tələblərinin təmin edilməsində, biznes proseslərin yaxşılaşdırmasında və informasiyanın asan bölüşməsində köməklik edə bilər. Texnoloji arxitektura baxımından ECM – platforma və ya ayrı ayrılıqda satıla və istifadə edilə bilən bir neçə proqram təminatından ibarətdir.

 “Gartner” öz hesabatlarındaECM” abreviaturasını 2001-ci ildən istifadə etməyə başladı.

İlk növbədə ECM abreviaturasının tərkib hissəsinə baxaq. “E”- “Enterpise” – hər hansı bir müəssisə deməkdir. Bura xırda müəssisədən tutmuş iri xoldinq və şirkətlər daxildir, çünki hər bir şirkət öz fəaliyyəti dövründə daim yeni informasiya yaradır və informasiya çoxaldıqca onun səmərəli idarə edilməsi məsələsi gündəmə gəlir. “C” – “Content” – bura müəssisə tərəfindən yaradılan bütün informasiya resursları: sənədlər, video və audio fayllar, təsvirlər, elektron məktublar, mövcud olan veb səhifələr və s. daxildir. “M”- “Management” – yuxarıda sadalanan informasiya resursların idarə edilməsidir.

Həm ERP, həm də ECM sistemi çox böyük həcmli informasiya ilə işləyir. Lakin həmin informasiyanın tərkib hissəsi və xarakteri fərqlidir. ERP sistemlərinin əsasını yaxşı strukturlaşdırılmış informasiya təşkil edir. Sənədlər əsasən strukturlaşdırılımış cədvəllərdə saxlanılır. ERP sistemində sənədin müəyyən edilmiş forması və tərkibi vardır. ECM sistemlərində isə sənəd ilk növbədə strukturu olmayan informasiyadır, yəni əksər hallarda onun tərkibi və forması qabaqcadan məlum deyil. Bura mətn, şəkil, video, audio fayllar, elektron məktublar və s. informasiya resursları daxildir. Burada sənədin atributları və soraq məlumatları, yəni strukturlaşdırılmış verilənlər, ikinci dərəcəlidir.

Həm ERP, həm də ECM sistemlərində sənəd və marşrut anlayışları vardır. Hər iki sistemdə istifadəçilərin sənədlərlə birgə işləməsi nəzərdə tutulub. Lakin birgə işin məqsədləri və vasitələri fərqlidir. ERP sistemlərində sənədlər əsasən hesabatların hazırlanması üçün emal edilir. ECM sistemlərində isə sənədlərin emalı ilk növbədə biliklərin və informasiyanın yığılması üçün nəzərdə tutulub. ERP sistemlərində sənədin yaradılması, razılaşdırılması, onun ayrı-ayrı modullarda göstərilməsi və təsdiqlənməsi mərhələləri vardır. ECM sistemlərində isə əsasən sənədin yaradılması, razılaşdırması, elektron imza ilə imzalanması, qeydiyyata alınması və arxivə silinməsi kimi sənəd dövriyyəsi vardır.

Sistemlərin istifadəçiləri də fərqlidir. ERP sistemlərinin istifadəçiləri rəhbərlik, maliyyə işçiləri, anbardarlar, operatorlar, satıcılar və kadr işçiləridir. ECM sistemlərində isə istifadəçilər sənədlərlə işləyən şirkətin bütün işçiləridir.

Sənəd və sənəd dövriyyəsi.

Əvvəllər müəssisələrdə sənədlərin idarə edilməsi üçün kağız sənədləri qovluqlara yığılır, onlar kartlarla təchiz edilir və şkaflarda saxlanılırdı. Qovluqlar işlərə tikilirdi və nəhəng dəftərxanalar yaradılırdı. Yeni texnologiyaların inkişafı nəticəsində kağız sənədlər elektron sənədlərlə əvəz edilməyə başladı. Hər il elektron sənədlərin sayının sürətlə artması müşahidə olunur. Analitik şirkətlərin kağız sənədlərdən elektron sənədlərə keçid üzrə statistik məlumatları və proqnozları vardır.  IDC (International Data Corporation) analitik şirkətinin hesabatına görə bütün dünyada hər il 6 milyarda yaxın yeni sənəd hazırlanır, ildə işçinin təxminən 150 saat vaxtı sənədlərin yaradılmasına, göndərilməsinə və lazımi sənədin axtarışına sərf olunur. Emal olunan və saxlanılan korporativ informasiyanın həcmi ildə 70% artır, hər gün e-poçt vasitəsilə terabaytlarla informasiya ötürülür[2].

Bu gün ofisdə sənədlərin əksəriyyəti elektron formada hazırlanır, lakin onların 80 faizi təsdiqlənməsi, icrası, göndərilməsi və s. məqsədlərlə kağızlara çap olunur. Bir çox müəssisələrdə elektron sənədlərin saxlanılması və birgə istifadəsi üçün fayl serverlər yaradılır, sənədlərin razılaşdırılması, yayılması və s. məqsədlərlə onlar elektron poçt vasitəsilə göndərilir. Lakin bu cür quruluş sənədin hansı mərhələdə olmasını görməyə imkan vermir və əksər hallara sənədlərin təsdiqlənməsi gecikir, sənədlər itir, sənədlərin axtarışına çox vaxt sərf olunur və s. problemlər yaranır.

Sənədlərlə iş zamanı İnformasiya Texnologiyalarına keçid prosesi 1970-1980-ci illərdə başladı, lakin indi də hər cür jurnallar və çap olunmuş kağız “dağları” heç kəsi təəccübləndirmir. ECM sistemləri yuxarıda sadalanan problemlərdən və kağız “dağlarından” xilas olmaq üçün yaradılmışdır.

İlk növbədə bəzi anlayışlarla tanış olaq:

İnformasiya dedikdə, bizi əhatə edən maddi varlığın və ya hər hansı ictimai, iqtisadi və sosial hadisənin keçmişi, indiki vəziyyəti və gələcəyi haqqında xəbərlər çoxluğu başa düşülür.

İnformasiya sənədli və sənədsiz ola bilər. Sənədsiz informasiyaya telefon və ya digər ötürücü qurğular vasitələri ilə verilən informasiyalar aiddir.

Lakin informasiyanın əsas daşıyıcısı sənəddir. Sənədləşdirilmiş informasiya (sənəd) – maddi daşıyıcıda qeyd olunmuş və identikləşdirilməsinə imkan verən rekvizitlərə malik informasiyadır [7].

Digər bir tərifə görə sənəd qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcısıdır. Başqa sözlə, sənəd – hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır.

Kargüzarlıq dedikdə, sənədlərin tərtib olunması, çap edilib çoxaldılması, əldə edilməsi, əldə edilməsinin rəsmiləşdirilməsi, qeydə alınması, arxivə təhvil vermək üçün hazırlanması, arxivə təhvil verilməsi və saxlanması prosesi başa düşülür.

Hər hansı məsələ və hadisəyə həsr edilmiş sənəd çoxluğuna sənədləşdirmə deyilir.

Elektron sənəd – informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd [8].

Elektron sənəd dövriyyəsi – informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləri [8].

Qeyd olunma vasitələrindən asılı olmayaraq bütün sənədlər beş böyük qrupa bölünür:

  • Təşkilati-sərəncamverici sənədlər.
  • Maliyyə-hesabat əməliyyatları üzrə sənədlər.
  • Kommersiya sənədləri.
  • Kadr sənədləri.
  • Vətəndaşların ərizə, şikayət və təklifləri üzrə sənədlər.

Təşkilati-sərəncamverici sənədlər 3 qrupa bölünür:

  • Təşkilati sənədlər. Bu sənədlərə əsasnamə, nizamnamə, təlimat və qaydalar
  • Sərəncamverici sənədlər. Bu sənədlərə qətnamə, sərəncamlar, qərarlar, əsas fəaliyyət  üzrə əmrlər və s.
  • Məlumat-arayış sənədləri. Bu sənədlərə protokollar, aktlar, arayışlar, məktublar, teleqramlar (fakslar), məlumat və izahat vərəqələri, arayışlar, vəsiqələr və s. aiddir.

Maliyyə-hesabat əməliyyatları üzrə sənədlər:

  • Mühasibat balansı;
  • Mənfəət və zərər haqqında hesabat;
  • Kapitalda dəyişiklər barədə hesabat;
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
  • Uçot siyasəti və izahlı qeydlər;
  • Auditor rəyi;
  • İllik hesabat və s.;

Kammersiya sənədləşməsinə aşağıdakılar daxildir.

  • Müqavilələr.
  • Anbarlara əmtəənin daxil olması ilə əlaqədar olan sənədlər.
  • Yükdaşıma sənədləri (yük-nəqliyyat qaiməsi, dəmir yol qaiməsi, konasament və s.).
  • Kommersiya aktları.
  • Kommersiya fəaliyyəti üzrə maliyyə bank sənədləri və s.

Kadr sənədlərinə aşağıdakı sənədlər aiddir:

  • şəxsi heyət məsələlərinə dair əmrlər;
  • şəxsi işlər;
  • şəxsi vərəqələr;
  • başqa işə keçməyə dair  qeydiyyat;
  • tərcümeyi-hal;
  • xasiyyətnamə;
  • əmək müqavilələri və s.

Vətəndaşların ərizə, şikayət və təklifləri üzrə sənədlər isə vətəndaşların dövlət orqanlarına, müəssisələrə yazılı formada etdiyi müraciətlər aiddir.

Sənəd dövriyyəsi dedikdə  sənədin daxil  olduğu  və  ya  tərtib  edildiyi  vaxtdan   onun  icrasının yekunlaşdırılması   və  göndərilməsi   dövründə  hərəkəti başa  düşülür.  Kargüzarlıq  üzrə  bütün  işlərin   dəqiqliyi  və  təsirliyi  sənəd  dövriyyəsinin  düzgün  təşkilindən  asılıdır. Sənəd  dövriyyəsinin təşkili  sənədlərin  tərkibi,  müxtəlif  sənəd  növlərinin nisbəti,  onların  daxil  olma  tezliyi   kimi  keyfiyyət  parametrləri   ilə  xarakterizə  olunur.

Hazırlanma yerinə görə sənədlər daxili (həmin təşkilatın işçiləri tərəfindən) və xarici (başqa təşkilatlarda tərtib olunan və müəssisəyə daxil olan) sənədlərə bölünürlər.

Sənədlərin idarə olunmasının əsas prinsipləri ISO 15489 standartında göstərilmişdir.

İSO-nun işləyib təsdiq etdiyi beynəlxalq standarta görə informasiya müxtəlif üsullarla hər hansı maddi daşıyıcıya (kağız, mikrofilm, disk və s.) yalnız hərf və rəqəmlərlə deyil, təsvir, səs, elektromaqnit dalğası və s. formada yazıla bilər. Belə bir təyinat cəmiyyətdə informasiyanın ötürülməsi üçün istifadə edilən bütün maddi obyektləri (muzey, memarlıq obyektləri, suxur nümunələri və s. daxil olmaqla) sənəd anlayışına daxil edilir. Belə olan halda sənəd anlayışı bir qədər geniş mənada qəbul olunur. Yazılı sənədlərdən başqa audio, video və s. multimedia fayllar da sənəd hesab olunur. Bu baxımından sənəd dövriyyəsi təkcə yazılı sənədləri deyil, müəssisənin bütün informasiya resurslarını əhatə edir.

Həm ERP, həm də ECM sistemlərində iş sənədlərin üzərində qurulub. Keçən məqalədən artıq bilirik ki, ERP sistemlərini maliyyə, istehsalat, kadrlar uçotu və s. üzrə sənədlərlə işləyir. Bunlar əsasən strukturlaşdırlımış formada saxlanılır. ECM sistemləri isə əsasən sturktursuz sənədlərlə işləyir, buna görə də ECM sistemlərində bəzi məsələlərin həlli az effektli və səmərəsiz olur. Məsələn:

Kadr işi. Kadr işi bilavasitə sənədlərlə olsa da, bu sahənin məqsədi sənədlərin idarə edilməsi deyil, kadrların idarə və uçotunun aparılmasıdır. Personal üzrə müxtəlif sorğular verilir (məsələn: təhsili, cinsi, ixtisası, işə qəbulu və işdən çıxması və s.). Bunun üçün informasiya struktursuz ayrı-ayrı sənədlərdə deyil, strukturlaşdırılmış formada verilənlər bazalarında saxlanılmalıdır. Hər bir sənədin hazırlanması personalın vəziyyətinin dəyişməsindən asılıdır, buna görə də kadrlar işinin avtomatlaşdırılmasının bunun üçün nəzərdə tutulmuş xüsusi sistemlərdə aparılması məqsədəuyğundur (məsələn ERP sistemlərində). Həmin sistemlər ECM sistemi ilə birləşdirilə bilər, məsələn: kadrlar barədə struktursuz informasiyanın (CV, işçilərin şəkilləri, əmrlər və s.) saxlanılması, qeydiyyatı və razılaşdırlıması üçün.

Maliyyə sənədlərinin uçotu. Eyni vəziyyət strukturlaşdırılmış maliyyə sənədləriylədir: hesab-fakturalar, qaimələr, işlərin görülməsi barədə aktlar və s. İlkin sənədlərə əsaslanan vergi və mühasibat uçotunun aparılması üçün xüsusi mühasibat sistemləri və ya ERP sistemlərində modullar nəzərdə tutulub. ECM sistemi onları əvəz edə bilməz, lakin ilkin sənədlərin skan edilməsi və maliyyə sənədlərinin skan təsvirlərinin elektron arxivin tərtibatı ECM sistemlərinin işidir.

ERP və ECM sistemlərinin birgə istifadəsi aşağıdakı səviyyələrdə mümkündür:

  • ERP sistemində uçotu aparılan sənədlərin təsvirlərinin ECM sistemində saxlanılması;
  • ERP sisteminin hesabatlarının (elektron imza ilə təsdiq edildikdən sonra) ECM sistemində saxlanılması;
  • ERP sisteminin sənədlərinin və soraqçalarının ECM sistemi vasitəsilə razılaşdırılması.

ECM sistemlərinin istehsalçıları.

Bazar araşdırması ilə məşğul olan dünyanın ikinci ən məşhur şirkəti  “MarketsandMarkets” tərəfindən nəşr edilən “Enterprise Content Management Market by Solution (Enterprise Document Management, Enterprise Web Content Management, Records Management, eDiscovery, and others), Deployment Type, User Type, Vertical and Region – Global Forecasts and Analysis to 2020” adlı yeni hesabatına görə ECM – Korporativ İnformasiya Resurslarının İdarəetmə Sistemlərinin bazarda həcmi 2015-cil ildə 24,62 milyard ABŞ dollara çatmışdır. İllik artım tempi 19,5 % -i olduğu halda 2020-ci ildə bu rəqəm 59,87 milyard dollara çatması proqnozlaşdırılır.

Hazırda ECM sistemlərinin istehsalçıları arasında güclü rəqabət vardır. ECM sistemlərini dörd əsas qrupa bölmək olar:

  • Platforma əsasında sistemlər;
  • Hazır həllər;
  • Sifariş əsasında qurulan sistemlər;
  • Bulud tipli (SaaS – Software as a Service) sistemlər.

ECM sistemlərinin bazarını iki hissəyə bölmək olar: Qərb ölkələri və Rusiya.

Qərb istehsalçıları əsasən platforma tipli və sifariş əsasında həllər təklif edirlər. Rusiya şirkətləri isə əsasən hazır həllər təklif edirlər.

“Gartner”-in təyininə görə ECM sistemləri aşağıda sadalanan funksiyaları dəstəkləməlidir:

  • Sənədlərin idarə edilməsi (Document management) – sənədlərin girişi, çixişı, təhlükəsizliyi və s.;
  • Sənədlərlə birgə işləməsi (Sosial content);
  • Sənədlərin təsvirlərinin idarə edilməsi (Image-processing applications) – sənədlərin skan edilməsi və skan təsvirlərinin idarə edilməsi;
  • Sənədlərin arxivləşdirilməsi və uzun müddət saxlanılması (Records management);
  • İş axının idarə edilməsi (Content workflow) – biznes proseslərin, sənədlərin marşrutlarının idarə edilməsi;
  • Veb resurslarının idarə edilməsi (Web content management);
  • Əlavə komponentlər (Extended components): mobil versiyasının olması, analitika, digər sistemlərlə inteqrasiya və s.

 “Gartner”-in 2014-cü il üçün hazırladığı “Magic Quadrant for Enterprise Content Management” hesabatına görə dünyada aşağıdakı ECM sistemlərinin istehsalçıları liderlərin siyahısındadır:

  • “Microsoft” şirkətinin “SharePoint 2013” sistemi;
  • “EMC” şirkətinin “Documentum” sistemi;
  • “İBM” şirkətinin “Lotus” və “FileNet P8” sistemi;
  • “OpenText” şirkətinin “OpenText Content Suite” sistemi;
  • “Oracle” şirkətinin “Oracle WebCenter Content” sistemi;
  • “Perceptive Software” şirkətinin “Perceptive Content” sistemi;
  • “Hyland Sofrware Inc.” şirkətinin “OnBase” sistemi.

Digər proqram təminatlarından “acıq kodlu” (Open Source) olan “Alfresco” şirkətinin eyni adlı proqram təminatını və HP şirkətinin “HP Records Manager” ECM sistemlərini göstərmək olar.

Həmin sistemlərin üstün və zəif tərəfləri, həmçinin özəl xüsusiyyətləri vardır.  Onların izahı üçün ayrı böyük bir məqalə lazımdır. İlkin müqayisə üçün “Gartner”-in cədvəlinə baxmaq olar:

Gartners_qvadrant

Rusiya bazarında mövcud olan əsas ECM sistemləri:

  • “1C” şirkətinin “1C: Sənəd dövriyyəsi” sistemi;
  • “İnterTrast” şirkətindən “CompanyMedia” sistemi;
  • “DocsVision” şirkətinin eyni adlı sistemi;
  • EOS şirkətinin “EOS for SharePoint” və “Delo” sistemləri;
  • “Directum” şirkətinin eyni adlı sistemi;
  • “Xoulmont” şirkətinin “Tezis” sistemi;
  • “Cognitive Technologies” şirkətinin “E1 EVFRAT” sistemi.

Həmçinin “Microsoft SharePoint” platforması üzərində qurulmuş hazır həllər də populyarlıq qazanmışdır. Belə sistemlərdən “WorkLite Docs”, “WSS Docs” və “EOS for SharePoint” sistemlərini göstərmək olar.

ECM sistemləri buludda.

Son zamanlar ECM sistemlərinin istehsalçıları bulud texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Bu zaman bulud texnologiyası olan əsasən SaaS (Software as a Service) – proqram təminatı xidmətindən istifadə olunur. Bu modelin bulud texnologiyalarına xas olan üstünlükləri vardır: infrastruktura çəkilən xərclərin azaldılması, sistemin saxlanılması və idarə edilməsi asanlığı, sənədlərlə hər yerdən (internet olduğu halda) işləmək imkanı və s. Digər tərəfdən belə sistemlərin çatışmazlıqları da vardır: internet xəttindən asılılıq, sənədlərin məxfiliyi məsələsi, bulud texnologiyalarına olan etibarlıq və s. ECM sistemlərində skan funksiyasından geniş istifadə olunur. Bu zaman skan olunmuş sənədlərin təsvirləri buluda ötürülməli, geri yüklənməlidir. Audio, video və digər sənədləri də bura əlavə etsək fayl transfer nəticəsində internet şəbəkəsində yüklənmələr yarana bilər. ECM sistemlərinin buludda yerləşdirilməsi kiçik və orta biznes sahibləri üçün əlverişli ola bilər. İri şirkətlər və xoldinqlər isə “şəxsi bulud” və ya “hibrid” sistemlərindən yararlana bilərlər. Digər tərəfdən ECM sistemlərinin seçimi zamanı onların bütün mobil platformalarında (Android, iOS, Windows Mobile) işləməsi imkanları da araşdırılmalıdır. Nəzərə alınmalıdır ki, sənədlərlə mobillik və hər yerdən işləmək imkanları olmalıdır. Yuxarıda sadalanan ECM sistemlərinin istehsalçılarının əksəriyyəti bulud texnologiyalarında işləyən sistemlərini təklif etməyə başlayıblar. “Gartner”-in hesabatına görə bulud əsaslı ECM sistemlərinin arasında “SpringCM” sistemi liderdir. Digər ən məşhur bulud tipli ECM sistemlərini: “SharePoint Online”, “OnBase Cloud”,  “Documentun OnDemand”, “EOS eDocLib” və s. göstərmək olar.

Beləliklə, bugünkü məqalənin də sonuna gəlib çatdıq. “ECM – Korporativ İnformasiya Resurslarının İdarəetmə Sistemləri” nədir və nəyə lazımdır suallarına cavab verməyə və onların ERP sistemlərindən  fərqini izah etməyə çalışdıq.

Növbəti məqalədə CRM (Customer relationship management) – Müştərilərlə Əlaqələrin İdarəetmə Sistemləri ilə tanış olacağıq.

Diqqətinizə görə təşəkkür edirəm.

Ədəbiyyat

  1. Gartners Magic Quadrant for Enterprise Content Management;
  2. IDC, Europe Document Management market review and Forecast;
  3. “Kargüzarlığın təşkili” Eynulla Musayev, Qanun Nəşriyyatı – 2012;
  4. “Elektron sənəd dövriyyəsinin intellektuallaşdirilmasi haqqinda” M.Ş.Hacirəhimova
  5. Obzor qlobalnix vendorov ECM sistem;
  6. Elektron sənədlərin mübadiləsi qaydası;
  7. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” AR-nın qanunu;
  8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanunu;
  9. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”;
  10. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydası;
  11. Elektron imzanın yoxlanılma qaydası;
  12. “Sənədləşdirmə və kargüzarlıq” Nəcəf Qurbanov.
  13. “Enterprise Content Management Market by Solution (Enterprise Document Management, Enterprise Web Content Management, Records Management, eDiscovery, and others), Deployment Type, User Type, Vertical and Region – Global Forecasts and Analysis to 2020”;
  14. AİİM “What is Enterprise Content Management (ECM)?”
Səs: +60. Bəyənilsin Zəifdir

Müəllif: Rauf Khalafov

Şərhlər ( 1 )

  1. Rauf bəy,

    Təşəkkür edirik. Gözəl məqalədir.

Şərh yazın