ERP – Müəssisə Resurslarının Planlaşdırılması sistemləri

Salam Dostlar.

İnformasiyanın sürətlə artığı müasir dövrümüzdə bəzi abreviatura və terminlərlə tez-tez rast gəlirik. Ən çox istifadə olunan bir neçəsi, məsələn: ERP, CRM, SCM və s. müasir korporativ informasiya sistemlərinin əsasını təşkil edir. Bunların hər biri barəsində axtarış sistemlərində kifayət qədər məlumat tapmaq olar. Google axtarış sistemlərində “ERP system” sorğusuna təxminən 14 700 000 cavab gəlir. Lakin bu qədər məlumatdan asan cavab almaq mümkün deyil. Terminin açıqlamasını alırıq, həmçinin belə sistemlərin istehsalı və tətbiqi ilə məşğul olan çoxlu sirkətlərin saytlarına  yönəlmiş linklərini alırıq, lakin asan anlaşılan açıqlamasını tapmaq çox çətindir. Bugünkü məqalədə “ERP sistemləri” nədir və nəyə lazımdır suallarına asan dildə cavab verməyə çalışacağam.

ERP İlk növbədə proqram təminatıdır. Bu cür proqram təminatının əsas mahiyyəti şirkətin bütün şöbələrini və biznes proseslərini vahid bir bazaya cəmləyərək vahid bir sistem vasitəsilə idarə edilməsidir.

ERP İngilis dilində olan “Enterprise Resource Planning” söz birləşməsinin sözlərinin baş hərflərindən alınan abreviaturadır. “Enterprise Resource Planning”  Müəssisə Resurslarının Planlaşdırılması kimi tərcümə olunur. Deməli hər hansı bir müəssisənin resuslarının planlaşdırılmasından söhbət gedir. Burada digər suallar yaranır: muəssisənin hansı resursları var və onları nəyə görə planlaşdırmaq lazımdır? Əgər şirkətin həcmi böyük deyilsə və resursları azdırsa, onları sadəcə Exceldə və  hətta yaddaşımızda saxlaya bilmərik mi? Bunu etmək mümkündür, lakin şirkət nə qədər kiçik olsa da hər hansı bir sistemin olması məsləhətdir. Hər bir şirkət inkişafını, yeni sifarişçilərin və müştərilərin cəlb edilməsini, məhsulun keyfiyyətinin artırılmasını, maya dəyərinin azaldılmasını, şirkət xərclərinin azaldılmasını və s. mütləq planlaşdırır. Bunu etməsə həmin şirkət az bir müddətdən sonra rəqabətə dözməyərək məhv olacaq. Yuxarıda sadalanan hamısı müəssisənin resurslarıdır. Buraya pul vəsaitlərini, kadrları və s. əlavə etmək olar. Bütün bunları idarə etmək üçün şirkətdə kiçik də olsa hər hansı bir sistem olmalıdır. Iri şirkətlərə gəldikdə isə resursların səmərəli planlaşdırılması olduqca vacibdir.

Hər bir sistemin inkişaf dövrü vardır. Mövzunu daha da aydınlaşdırmaq üçün müəssisə resurslarının planlaşdırılıması sistemlərinin keçdiyi inkişaf tarixinə qısaca baxış edək:

erppath

Hər şey istehsalatda lazım olan xammalın və materialların planlaşdırılmasıyla başladı. Bu sistem MRP adlandırıldı. Hansı məhsulların buraxılması, onların istehsalında istifadə ediləcək xammalın həcmi planlaşdırıldıqdan sonra pulun da planlaşdırılması zərurəti yarandı, yəni həmin xammal və materialların alınması üçün nə qədər pul xərclənəcək və s. Bu sistem isə MRP II adlandırıldı. Demək olar ki, uğurlu planlaşdırma üçün hər şey hazırdır: xammal və materialları, istehsalat gücünün artırılması, pul vəsaitlərini planlaşdıra bilərik. Tutaq ki, bu il istehsalat gücünün 25 % artırılmasını planlaşdırırıq. Lakin avadanlığın gücünü və istehsal potensialını nəzərə almadıq. Aydın olur ki, keçən ildən 25 % artıq istehsal edə bilməyəcəyik, çünki dəzgahlar buna hazır deyildir. Buna görə də avadanlıq gücünün də planlaşdırmaya əlavə edərək, planlaşdırılan istehsalat gücünün artırılaması üçün lazım olan dəzgahları da alırıq. Fikirləşirik ki, artıq hər şey qaydasındadır istehsala başlaya bilərik. İstehsal rəisinə  istehsalı başlamaq əmrini verəndə O, birdən yadına salır ki, həmin yeni alınan dəzgahın istismarı üçün mütəxəssis yoxdur və buna görə də əlavə işçi götürmək və ya hər hansı bir işçini kursa göndərmək lazımdır.

Planlaşdırma ilə məşğul olanları yuxarıda misal olaraq sadalanan  problemlər gözləyir və bu problemlərin ən asanıdır. Çətin problemlər hələ irəlidə gözləyir, məsələn: istehsal gedə-gedə planlar qəfildən dəyişir, çünki marketoloqlar bazarı yanlış qiymətləndirdilər və ya krizis baş verdi və s. Nəticədə istehsal azaldılır və bunun nəticəsində də satış aşağı düşür. Buna gərə də bütün planlaşdırmanı tamamilə dəyişmək lazımdır.

Məhz yuxarıda qeyd edilən problemlərin həlli və effektiv planlaşdırmanın qurulmasında ERP sistemləri kömək edir.

İndi isə ayrı-ayrı terminlərlə bir qədər yaxından tanış olaq:

MRP

60-cı illərin sonlarında avtomatlaşdırılmış iş yerinə malik olan bir çox böyük şirkətlər istehsal proseslərinin idarə edilməsinin sadələşdirilməsi üsullarını axtarmağa başladılar. Bu istiqamətdə ilk addım şirkətdə mövcud olan verilənlərin vahid modelinin yaradılması olmuşdur. Bütün verilənlər vahid verilənlər bazasına yığılaraq istehsalatın bir neçə ayrı-ayrı proqram təminatları ilə deyil, cəmi bir proqramla idarə edilməsi ideyası irəli sürüldü. İstehsal prosesində ləngimələrin əsas səbəbləri: ayrı-ayrı ehtiyat hissələrinin və xammalın təchizatında yaranan gecikmələr və anbar qalıqlarının həddindən artıq və ya az olması idi.

Belə problemlərin qarşısının alınması məqsədi ilə, MRP (İng. Material Requirements Planning – Materiallar Ehtiyaсlarının Planlaşdırılması) metodologiyası yaradıldı. Belə sistemlər istehsalatın effektiv idarə edilməsi, ehtiyat hissələrinin və xammalın təchizatının planlaşdırılması, anbar qalıqlarını idarə edə bilən proqram təminatından ibarətdir.

MRP sistemlərin əsas nailiyyəti – anbar ehtiyatlarıyla bağlı xərclərin azaldılması olmuşdur.

MRP II

Korporativ informasiya sistemlərinin inkişafının növbəti mərhələsi MRP II (İng. Manufacturing Resource Planning – İstehsalat Resuslarının İdarə Edilməsi) konsepsiyasının yaradılması ilə bağlıdır.

MRP-da ciddi çatışmazlıqlar var idi: materiallara olan ehtiyacların planlaşdırılmasında  istehsalat gücləri, iş qüvvəsi, pul vəsaitləri və s. nəzərə alınmır. Buna görə də MRP II (İng. Manufacturing Resource Planning – İstehsalat Resuslarının İdarə Edilməsi) konsepsiyası yaradıldı. MRP II sistemləri müəssisənin  bütün istehsal resurslarını (xammal, materiallar, avadanlıq, personal, pul vəsaitləri və s.) planlaşdırmağa imkan verir. Daha sonra MRP II sistemləri inkişaf etdirildi və qalan xərclər də ona əlavə edilərək ERP (İng. Enterprise Resource Planning – Müəssisə Resurslarının Planlaşdırılması) sistemləri yaradıldı.

ERP

ERP anlayışını ilk dəfə 1990-cı ildə “Gartner” şirkətinin analitiki Li Uayli (İng. Lee Wylie) özünün MRP II inkişafının tətqiqatında təqdim etdi. ERP sistemlərində müəssisənin istehsalatı, təchizatı, satışı, maliyyəsi, kadrlar uçotu və s. vahid bir proqram təminatı vasitəsilə həyata keçirilir.

MRP II və ERP konsepsiyalarının arasında fərq ondan ibarətdir ki, birincisi istehsala yönəlmişdir, ikincisi isə – biznesə. Məsələn, sifarişçiyə hazır məhsulun təchizatı üzrə kreditin verilməsi ERP sistemlərinə daxildir, MRP II sistemlərində isə bunu etmək mümkün deyildi.

ERP II

ERP sistemlərinin əsas çatışmazlıqları ondan ibarətdir ki, onlar müəssisənin yalnız daxili fəaliyyətini avtomatlaşdırır (back-office).

90-cı illərin ikinci yarısından kənara (front-office) yönəlmiş funksiyaların avtomatlaşdırması vasitələri təklif edildi.

CRM (Customer Relations Management) və SCM (Supply Chain Management) müvafiq olaraq sifarişçilərlə və təchizatçılarla münasibətlərin idarə edilməsi sistemləri geniş yayılmağa başladı.

1999-cu ildə nüfuzlu konsaltinq şirkəti “Gartner Group” ERP sistemlərinin dövrünün bitdiyini bildirdi və onun yerinə ERP II (İng. Enterprise Resource and Relationship Processing – Müəssisənin Resurslarının və Əlaqələrinin İdarə Edilməsi konsepsiyası təklif edildi.  ERP II sistemlərinə ERP, CRM və SCM daxil edildi. Həmçinin, CSRP (İng. Customer Synchronized Resource Planning – müştəri ilə sinxron edilmiş resusların planlaşdırılması) sistemləri də vardır. Belə sistemlərə yalnız ERP və CRM daxildir.

systems

1990-cı illərin əvvəllərində  tətbiqi proqram təminatının istehsalçıları tərəfindən dəstəklənməsi nəticəsində sistem populyarlıq qazandı. 1992-ci ildə “SAP R/3” ERP sistemi buraxıldı, 2000-ci ildə “Microsoft” “Great Plains” şirkətini aldı və onun məhsulları əsasında “Microsoft Dynamics GP” proqram təminatını buraxdı, daha sonra birləşmiş “Damgaard və Navision” şirkətlərini alaraq “Microsoft Dynamics AX”  və “Microsoft Dynamics NAV” proqram paketlərini buraxdı, 2004-cü ildə “Oracle” “PeopleSoft” şirkətini aldı və ERP sistemlərini inkişaf etdirməyə davam etdi.

Hal-hazırda ERP sistemlərinin istehsalçılarının əksəriyyəti ERP II konsepsiyası əsasında qurulub. ERP sistemlərinin əksəriyyəti çox modullu prinsipi ilə işləyir. Belə sistemlər istehsalat, satış, mühasibatlıq, təchizat, loqistika, maliyyə və s. modullarına bölünüb lakin sistem vahid bir proqram təminatı olaraq çalışır.

ERP proqram təminatının siyahısında – List of ERP software packages təxminən 115 adda proqram təminatı vardır. Onlardan ən nüfuzlu və geniş istifadə olunan ERP sistemləri aşağıdakılardır:

  • SAP R/3, SAP ERP 6.0 EHP7 və ən son versiya SAP S/4HANA;
  • Oracle E-Business Suite;
  • Microsoft Dynamics AX və Microsoft Dynamics NAV;
  • 1C:ERP Управление предприятием 2.0;
  • Epicor ERP 10;
  • İnfor LN və s.

Beləliklə, bugünkü məqalənin də sonuna gəlib çatdıq. “ERP sistemləri” nədir və nəyə lazımdır suallarına cavab verməyə çalışdıq.

Növbəti məqalədə “1C: Управление предприятием” ERP sistemi ilə tanış  olacağıq.

Diqqətinizə görə təşəkkür edirəm.

Səs: +70. Bəyənilsin Zəifdir

Müəllif: Rauf Khalafov

Şərhlər ( 3 )

  1. Salam bu sistemim hər hansı bir öyrənmə kursu var zəhmət olmasa yardımçı olun,

    • Salam. ERP sistemləri ümumi qəbul olunmuş bir abreviaturadır. Məqalədə deyildiyi kimi: 

      ERP proqram təminatının siyahısında – List of ERP software packages təxminən 115 adda proqram təminatı vardır. Onlardan ən nüfuzlu və geniş istifadə olunan ERP sistemləri aşağıdakılardır:

      • SAP R/3, SAP ERP 6.0 EHP7 və ən son versiya SAP S/4HANA;
      • Oracle E-Business Suite;
      • Microsoft Dynamics AX və Microsoft Dynamics NAV;
      • 1C:ERP Управление предприятием 2.0;
      • Epicor ERP 10;
      • İnfor LN və s.

      Bunların çoxu üzrə ayrıca kurslar mövcuddur. Ölkəmizdə ən çox istifadə olunan 1C:Müəssisə və Microsoft Dynamics proqramları üzrə kurslar var. Axtarış sistemlərinə müraciət edə bilərsiniz.

  2. Aydındır çox sağ olun!!!

Şərh yazın