SQL Plus üzərindən Oracle startup və shutdown
Oracle bazasını söndürmək və işə salmaq üçün SQL plus, RMAN və ya Oracle Enterprise Managerdən istifadə etmək mümkündür. Bu məqaləmizdə sql plus üzərindən bu əməliyyatların aparılmasına baxacağıq.
SQL Plusa daxil olmaq üçün Windows ƏS-də Run-a sqlplus yazmaq lazımdır. Açılan pəncərədə istifadəçi adı və şifrə (SYS istifadəçisi ilə qoşulmaq üçün istifadəçi adı sahəsinə sys as sysdba,sistemə daxil olan istifadəçi ora_dba qrupunun üzvü olduqda Run-a birbaşa sqlplus / as sysdba yazaraq daxil olmaq olar) daxil edildikdən sonra bazaya qoşula bilərik.
Startup nomount – Bu əmrin icrası zamanı yalnız parametr fayl oxunur(spfile və ya pfile) və parametr faylda nəzərdə tutulmuş məlumatlar əsasında (SGA) əməli yaddaşdan müvafiq sahələr Oracle üçün ayrılır. Arxa fon proseslər işə düşür. Adətən yeni controlfile yaratmaq, bazanın bərpası və ya yeni bazanın yaradılması zamanı istifadə edilir. (Oracle instance işə düşür)
Startup mount – Bu zaman nomountda qeyd olunan əməliyyatlardan sonra controlfileda olan məlumatlar oxunur və data faylların, redo log fayllarının yerləşdikləri kataloqlar və faylların adı barədə məlumatlar müəyyən olunur. Nomount rejimindən mount rejiminə keçmək üçün alter database mount; əmri icra edilməlidir. Sönülü olan bazanı mount rejimində açmaq üçün birbaşa startup mount əmrini icra etmək kifayətdir. Adətən bazada redo logların arxivləşdirmə rejiminin dəyişdirilməsi, bazanın ehtiyat nüsxəsinin alınması, bazanın ehtiyat nüsxədən tam geri qaytarılması zamanı istifadə edilir.
Startup open –Bu zaman yuxarıda qeyd olunan iki proses zamanı baş verən əməliyyatlardan sonra baza tamamilə işə düşür və istifadəçilərin bazaya qoşularaq əməliyyat aparmaları üçün hazır olur. Mount rejimindən Open rejiminə keçmək üçün alter database open; əmri icra edilməlidir. Sönülü olan bazanı Open rejiminə gətirmək üçün Startup əmri icra edilməlidir. Open rejiminə keçərkən control faylda qeyd olunan SCN (System Change Number) və data fayllarda qeyd olunan SCN eyni olmazsa, onlar arxa fon prosesi (SMON) tərəfindən eyniləşdirilir.
Startup Restrict – Bazada müəyyən işlərin aparılması zamanı istifadəçilərin bazaya qoşulmasının qarşısını almaq lazım gəlir. Restrict rejimi bu üsullardan biridir. Baza restrict rejimində açıldıqda yalnız bu rejimdə bazaya qoşulmaq üçün səlahiyyəti olan şəxslər bazaya qoşula bilir. Birbaşa bazanı restrict rejimində açmaq üçün Startup restrict əmri icra edilməlidir. Lakin open rejimindən də restrict rejimini aktivləşdirmək mümkündür. Bunun üçün alter system enable restricted session; əmri icra edilməlidir. Bu əmr icra edilərkən bazaya qoşulan istifadəçilər varsa, onların sesiyası sonlandırılmır. Lakin yeni qoşulacaq istifadəçilərin girişi məhdudlaşdırılır. Yenidən normal rejimə keçmək üçün alter system disable restricted session; əmri icra edilməldir.
Baza olan məlumatların yalnız oxuna bilməsi üçün read only rejimindən istifadə edilə bilər. Bu zaman sorğularımıza cavab ala bilərik, lakin bazada heç bir yazma əməliyyatı aparılmır. Bazanın bu rejimdə açıla bilməsi üçün bazanı mount rejiminə gətirdikdən sonra alter database open read only; əmrini icra etmək lazımdır.
Ola bilər ki, startup force, startup nomount force və ya startup mount force əmrləri ilə də rastlaşasınız. Bu əmrlərin icrası zamanı baza shutdown abort rejimində söndürülür və icra olunan əmrə uyğun rejimdə avtomatik işə düşür. Məsələn startup mount force əmri icra edildikdə baza abort rejimində söndürüldükdən sonra yenidən mount rejimində işə düşür. Real çalışan bazalarda bu əmrlərin icrası tövsiyyə edilmir. Yalnız bazanın söndürülməsi zamanı problem yaşandıqda və çıxış yolu qalmadıqda istifadə edilməsi məsləhət görülür.
Bazanın söndürülməsi üçün 4 rejimdən istifadə edilir – shutdown normal (shutdown), shutdown transactional, shutdown immediate və shutdown abort.
Shutdown normal (Shutdown) – Bu əmrin icrası zamanı bütün istifadəçilərin sesiyaları bitən ana qədər baza açıq qalır. Lakin yeni sesiyaların açılması mümkün olmur. Bazada aparılan bütün dəyişikliklər data fayllara yazılır. Əməliyyatın yekunlaşması qoşulu olan istifadəçilərdən asılı olduğu üçün uzun vaxt apara bilər. Yalnız bütün istifadəçilər sesiyalarını sonlandırdıqdan sonra baza sönür.
Shutdown transactional – Əmrin icrası zamanı yeni istifadəçilərin bazaya qoşulmasının və bazaya qoşulu olan istifadəçilərin yeni tranzaksiya yaratmasının qarşısı alınır. Tranzaksiyası olan istifadəçilərin tranzaksiyası sonlanana qədər gözlənilir və tranzaksiya yekunlaşdıqdan sonra istifadəçinin sesiyası sonlandırılır. Bazada aparılan bütün dəyişikliklər data fayllara yazılır. Bütün aktiv tranzaksiyalar yekunlaşdıqdan sonra baza sönür.
Shutdown immediate – Yuxarıda qeyd olunan rejimlər bu rejimə nisbətən daha çox vaxt aparır. Bu rejimdə yeni istifadəçilərin bazaya qoşulmasının qarşısı alınır, aktiv tranzaksiyalardan imtina edilir (rollback), bütün aktiv sesiyalar sonlandırılır və baza sönür. Bazada aparılan bütün dəyişikliklər data fayllara yazılır.
Shutdown abort – Bütün sesiyaları sürətli şəkildə sonlandırır və tranzaksiyaların nə icra edilməsinə nə də imtina edilməsinə imkan vermir. Baza bu rejimdə söndürüldükdə dəyişikliklər data faylları yazılmır.