Excel-də PivotTable
Bu məqaləmizdə Sizə Microsoft Office Exceldə mövcud olan imkanlardan biri olan PivotTable haqqında məlumat verəcəyik.
PivotTable exceldə hazırlanmış cədvəl üzərində müxtəlif təhlillərin aparılması və hesabatların hazırlanmasında bizim üçün faydalı ola biləcək bir funksionallıqdır.
İlk əvvəl Exceldə bir cədvəl hazırlayaq və nümunə üçün dəyərlər daxil edək. Cədvəldə satılan malın adı, malın tipi, sayı və qiyməti əks olunmuşdur. PivotTabledən istifadə edərək satılan mallar barədə statistik hesabat hazırlayaq.
PivotTabledən istifadə etmək üçün İnsert menyusuna daxil oluruq, PivotTable seçirik.
PivotTable seçdikdən sonra yuxarıdakı şəkildə göstərilən Create PivotTable pəncərəsi ekranda əks olunur. Choose the data that you want to analyze bölməsində Table/Range sahəsi hesabat hazırlamaq istədiyimiz cədvəli(sətir və sütunları) seçmək üçündür. Cari nümunədə (satılan malın adı, malın tipi, sayı və qiyməti) siyahı Table1 seçilmişdir. Choose where you want the PivotTable report to be placed hesabata uyğun nəticənin əks olunacağı yeri təyin etmək üçündür. New worksheet seçdikdə hesabat yeni səhifədə göstərilir, Existing worksheet seçdikdə hesabat cari səhifədə (nümunədə sheet1də) Location bölməsindən seçilmiş xanalarda əks olunur. Bu nümunə üçün seçimləri dəyişmədən Ok edirik. Bundan sonra aşağıdakı görüntü ekranda əks olunur.
PivotTable Field list bölməsində cədvəlin sütunları əks olunur. Nümunə üçün Malın tipi üzrə satılmış məhsullar barədə hesabat hazırlayaq. Bunun üçün Field list bölməsindən Malın tipini Row Labels bölməsinə, Sayı və qiyməti sahələrini isə Values bölməsinə yerləşdiririk.
Gördüyünüz kimi bizim nümunəmizdə Malın tipləri üzrə qiymətlər və cəmi say əks olunub. Report Filter bölməsi hər hansı bir dəyərə görə süzgəcləmə (filter) aparmaq üçün istifadə olunur. Column labels məlumatları sütunlar üzrə, Row labels isə sətirlər üzrə məlumatları yerləşdirməyə imkan verir. Values sahəsi bu PivotTable üçün ən vacib elementlərdən biridir. Values sahəsində üzərində əməliyyat aparmaq istədiyimiz sütunu yerləşdiririk və ona uyğun funksiyanı seçirik. İstifadə oluna biləcək funksiyalar Min ən kiçik, Max ən böyük, Sum cəmi, Count say və s. əhatə edir. Exceldə istifadə olunan funksiyalar barəsində növbəti məqlələrimizdə ardıcıl olaraq məlumat verəcəyik.