Linux Shell – Naviqasiya
Bu dərsdə aşağıdakı üç əmr ilə tanış olacağıq:
- pwd – print working directory – işləyən direktoriyanı çap etmək, göstərmək
- cd – change directory – başqa direktoriyaya keçmək
- ls – list directory – olduğumuz direktoriyanın altındakı (daxilindəki) fayl və direktoriyaların siyahısını çıxarmaq.
Əgər əvvəllər əmr sətrindən istifadə etməmisinizsə bu dərsdə diqqətli və səbrli olun. Bəzi şeyləri öyrənməklə yanaşı vərdiş halına salmağınız lazımdır. Bunun üçün yazılanları təkrar-təkrar dəfələrlə edin.
Linux fayl sistemi
Digər əməliyyat sistemlərində olduğu kimi linuksda da hierarxik fayl strukturu var. Bir sözlə bu fayl strukturu tərsinə ağaca bənzəyir, başda kök və üzüaşağı budaqlar. Linuksda başlanğıc direktoriya, yəni ağacın kökü “root” adlanır və digər bütün direktoriyalar onun altında (daxilində) yerləşir. Bu direktoriyaların içində də fayl və direktoriyalar iterativ olaraq davam edir. Bunu vizual olaraq linuks fayl menecerlərdən istifadə edərək görə bilərsiniz.
Bir şeyi nəzərinizə çatdırım ki, linuks əməliyyat sistemində digərlərində olan disk anlayışından istifadə edilmir (yəni disc C/ disc D). Bu əməliyyat sistemlərində hər bir disk ayrı bir ağacdır. Amma linuks əməliyyat sistemində sadəcə bir ağac olur və digər disklər bu ağacın müəyyən bir budağı olaraq qoşulur.
pwd
Qrafik istifadəçi interfeysində hal-hazırda fayl strukturunda olduğunuz yeri anlamaq çox sadədir. Fayl menecerdə bunu rahatlıqla görə bilərsiniz. Amma terminalda bunu elə-belə anlamaq mümkün deyil. (bəzi qanunauyğunluqları bildikdən sonra yadınızda qalacaq.)
Düşünün ki, fayl sisteminiz tərsinə ağacdır və siz onun bir budağındasınız. Sözsüz ki, hansı budaqda olduğumuzu bilməkdə fayda var. Olduğumuz yer işlək direktoriya adlanır və işlək direktoriyanı tapmaq üçün terminalda pwd yazın.
Terminalı işə salanda ilk olduğumuz direktoriya sizin istifadəçi direktoriyanızdır və /home/istifadəçi_adı şəklində olur. Bu direktoriyada sizin fayllar, yükləmələr və s. yerləşir. Amma onu da qeyd edim ki, bəzi hallarda, daha dəqiq desəm linuks əsasında qurulmuş şəbəkələrdə terminalı işə salanda başqa direktoriyaya da yönləndirilə bilərsiniz. Sistem administratoru bunu edə bilər.
ls
Ağacda olduğumuz budağı biləndən sonra bizdən hansı budaqların çıxdığını bilmək istəyərik, yəni olduğumuz direktoriyanın altında olan fayl və direktoriyaları. Linuksda bunu görmək üçün lsəmrindən istifadə edilir.
Bu əmrin bir çox funksiyaları var, bunlar haqqında sonra daha ətraflı yazacağam.
cd
Düşünün ki, ağacın bir budağından digərinə keçmək istəyirsiniz, yəni olduğunuz direktoriyadan başqa bir direktoriyaya. Bunun üçün cd əmrindən istifadə edəcəyik. Məsələn, işlək direktoriyadan baş direktoriyaya (ağacın kökünə yəni /-na) keçmək üçün
cd /
və ya istifadəçi tərəfindən qurulan paketlərin direktoriyasına keçək.
Bəzi qısa yollar.
Olduğumuz direktoriyanın bir üstünə keçmək üçün (yəni olduğumuz budağın çıxdığı budağa) cd .. əmrindən istifadə edilir. Diqqətli olun cd ilə .. arasında boşluq var.
Olduğunuz direktoriyada istifadəçi direktoriyasına keçmək üçün sadəcə cd yazmaq kifayətdir.
Qeyd: Linuksda böyük və kiçik hərf olmasının fərqi var. Məsələn “Fayl1” ilə “fayl1” iki fərqli fayldır. Ona görə də bir direktoriyadan digərinə keçərkən hərflərin böyük-kiçiyinə diqqət edin.
Müəllif: Nadir Hacıyev