Linux Shell nədir?
Şell nədir?
Sadə dillə desək şell daxil edilmiş komandaları əməliyyat sisteminə ötürür. Əvvəlki əməliyyat sistemlərində şell istifadəçi ilə əməliyyat sistemi arasında yeganə əlaqə vasitəsi idi. Hal-hazırda isə komanda sətri interfeysi ilə yanaşı qrafik istifadəçi interfeysi də mövcuddur.
Şell proqramı kimi bir çox linux əsaslı əməliyyat sistemlərində bash (Bourne Again Shell – bash Unix şell-i əsasında qurulmuşdur) işlədirlir. Bununla yanaşı ksh, tcsh, zsh kimi şell proqramları da var.
Terminal nədir?
Terminal “terminal emulyatoru” adlandırılan proqramın qısaldılmış adıdır. Bu proqram sizə şell-ə bağlanma imkanı verir. Bir çox terminal emulyatorları mövcuddur. Bunlardan ən çox tanınanı və bir çox linux versiyalarında istifadə edilənləri gnome-terminal, konsole və xterm-dir.
Terminalı işə salmaq.
İstifadə etdiyiniz linux versiyasından asılı olaraq fərqli terminaldan istifadə edə bilərsiniz. KDE Desktop istifadəçiləri konsole, gnome istifadəçiləri gnome-terminal, Unity istifadəçiləri isə terminal-dan istifadə edə bilərlər.
İstədiyiniz bir terminalı açın. Menyudan bunu tapa bililərsiniz, həmçinin, axtarışda uyğun açar sözü ilə bunu tapmağınız mümkündür. Bir çox hallarda əməliyyat sisteminin terminal üçün qısa yolları olur, məsələn, Ubuntuda Ctrl+Alt+T qısayolundan istifadə etmək olar.
Açılmış terminalda şell tərəfindən gətirilmiş məlumatları görəcəksiniz: bu bəzən sadəcə sizin istifadəçi adınız və kompüterin adından ibarət olur, bəzən sonuncu istifadə tarixi və digər məlumatlar da qeyd olunur.
Artıq nəsə eləmək lazımdır 🙂
Açdığınız terminal səhifəsində istədiyiniz yazını yazın və daxil edin.
Gördüyünüz kimi bura yazılan hər bir yazı məna kəsb etmir. Bu barədə sonra daha ətraflı danışacağıq. İndi klaviaturada yuxarı oxu basın, görəcəksiniz ki, sonuncu daxil etdiyiniz komanda kursorun yerində yenidən yazıldı. Linux əsaslı əməliyyat sistemləri standart olaraq sonuncu daxil edilmiş 200 komandanı yadında saxlayır və siz yuxarı və ya aşağı oxa basmaqla, bunların hamısına təkrarən baxa bilərsiniz.
Superuser nədir?
Ümumi götürdükdə Linuxda iki tip istifadəçi olur: user (adi istifadəçi) və super user (adminstrativ hüquqlara malik istifadəçi).
User standart istifadəçidir, qrafik istifadəçi interfeysindən və terminaldan istifadə edərək bir çox şeylər edə bilər, amma xüsusi önəm daşıyan, əməliyyat sisteminə təsir edə biləcək heç nə etmək hüququ yoxdur. Superuser isə əməliyyat sistemi üzərində bütün haqqlara sahibdir. Əməliyyat sistemi daxilindəki fayl sistemində olan bütün fayllara, konfiqurasiyalara və s. baxa dəyişə, silə bilər. Qısacası əməliyyat sistemi üzərində bütün haqqları var. Ona görə də terminaldan istifadə edərkən diqqətli olun, ehtiyacınız yoxdursa superuser haqqından istifadə etməyin.
Terminalda bu haqqları ayırmaq çox sadədir. Əgər komanda sətrinin son işarəsi $-dırsa siz adi istifadəçisiniz.
Əgər komanda sətrinin son işarəsi #-də demək siz superuser haqqlarına sahibsiniz.
Müəllif: Nadir Hacıyev