Winamp “xilas edildi.”
Winamp`ın bağlanacağı, satılacağı və digər müxtəlif xəbərlərdən sonra dəqiq bəlli olmuşdu ki, sahibkar AOL Winamp`ı bağlamağı təxirə salıb və satılmasını gözləyir. Lakin əvvəlki xəbərlərdən eşitdiyimizin əksinə Winamp Microsoft tərəfindən alınmadı. AOL Winamp və Shoutcast`ı baş ofisi Belçikanın Brussel şəhərində yerləşən beynəlxalq onlayn radio stansiyası Radionomy`yə satdı. Məlumatlara görə radio Winamp üçün 5-10 milyon dollar arası pul ödəyib və AOL Radionomy`nin fəaliyyətində 12%-lik pay götürüb. Onu da qeyd edək ki, Radionomy 6 mindən çox radio stansiyası olan və hər kəsin öz kanalını yarada biləcəyi bir platformadır. Radio stansiyasının Winamp`dan bu proqramlarına kömək və əlavə xidmətlər təklif etmək üçün istifadə edəcəyi gözlənilir.
Radionomy CEO`su Saboundjian deyir: “Biz Winamp`ı yenidən qurmaq istəyirik. Düşünürük ki, proqramın gələcəyi əla ola bilər, çünki bizim strategiyamıza görə Winamp sadəcə ekranüstü (desktop) proqram olmayacaq, həmçinin mobil telefonlarda, maşınlarda və daha başqa formalarda istifadə olunacaq.”
Onu da əlavə edək ki, AOL satdığı Winamp və Shoutcast`ı 1999-cu ildə Nullsoft`dan 80 milyon dollara satın almışdı.