Kod Saatı “BakuTel 2013”də təqdim olunacaq
Azərbaycan ACM Bölməsi “BakuTel 2013” sərgisində proqramlaşdırmanı populyarlaşdıran qlobal “Code.org” hərəkatının Kod Saatı təşəbbüsünü təqdim edəcək.
9-15 dekabr – İnformatika Təhsili Həftəsi (Computer Science Education Week) çərçivəsində keçirilən Kod Saatı (Hour of Code) bütün dünyada hər kəsi təşviq edir ki, bir saatını proqramlaşdırmanın əsaslarını öyrənməyə və ya öyrətməyə sərf etsin. “Code.org” hərəkatının təqdimat videosuna buradan baxmaq olar:
Kod Saatında uşaq bağçasından tutmuş ibtidai sinif şagirdinə qədər, universitet tələbəsindən tutmuş təqaüdçüyə qədər, ixtisas və təhsilindən asılı olmayaraq hər kəs əyləncəli onlayn dərsliklər vasitəsilə kod yazmağı öyrənə bilər. “Code.org” tərəfindən təşkil olunan bu təşəbbüsə “Apple”, “Google”, “Microsoft”, “Amazon” kimi məşhur İKT nəhəngləri ilə yanaşı informatika üzrə ən qədim qlobal elm və təhsil təşkilatı olan ACM də dəstək verir.
Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun rəhbəri Araz Yusubov deyir: “Təşəbbüs çərçivəsində hazırlanan dərslikləri Azərbaycan dilinə tərcümə edərək, ölkəmizin də Kod Saatında iştirakına kömək etmək istədik”. Kod Saatında təqdim olunan interaktiv dərsliklər sadə göstərişlərlə müşayiət olunan, əyləncəli tapşırıqlar vasitəsilə informatikanın əsas anlayışlarını öyrədir. İştirakçılar “Angry Birds” və “Plants vs. Zombies” kimi video-oyunların qəhrəmanları ilə tapmacaları həll etmək üçün Bill Qeyts və Mark Tsukerberqin iştriak etdiyi video-mühazirələrdən kod yazmağı öyrənəcək.
2-5 dekabr “BakuTel 2013” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə iştirak edən Azərbaycan ACM Bölməsi Kod Saatını 2012 nömrəli stenddə təqdim edəcək. Bundan başqa bölmə üzvləri sərgi çərçivəsində “OWASP nədir?” (Adil Əliyev), “OWASP Top 10 təhlükəsizlik təhdidləri” (Turqut Mehdiyev) və “Multikopter nədir?” (Nərgiz Qasımova və Aygün İlxaszadə) mövzusunda seminarlar keçirəcək. Sərginin axırıncı günü isə Azərbaycan ACM Bölməsi video-oyunların yaradılması barədə ilk tammetrajlı sənədli film olan “Müstəqil oyun: kinofilm”in (Indie Game: The Movie) nümayişini təşkil edəcək. Sandəns Film Festivalının qalibi olmuş film orijinal ingilis dilində, Azərbaycanca subtitrlərlə göstəriləcək. Filmin treylerinə buradan baxmaq olar:
Daha geniş məlumat almaq üçün “BakuTel”də Azərbaycan ACM Bölməsinin 2012 nömrəli stendinə gəlin və ya [email protected] e-poçt ünvanı vasitəsilə əlaqə saxlayın.
REDAKTORLAR ÜÇÜN QEYD
Azərbaycan ACM Bölməsi Qafqazda ilk peşəkar ACM (Association for Computing Machinery – “ey-si-em” – Hesablama Maşınları üzrə Assosiasiya) bölməsidir. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaqla, ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır. Veb-saytımz: http://azerbaijan.acm.org/
Azərbaycanda ilk yerli ACM bölməsi olan Bakı Dövlət Universiteti ACM Tələbə Bölməsi 2011-ci ilin fevralından, Qafqaz Universitetindəki ACM Tələbə Bölməsi isə 2012-ci ilin yanvarından fəaliyyət göstərir. Azərbaycan ACM Bölməsi peşəkar ACM bölməsi olaraq 24 fevral 2012-ci ildə təsis olunub.