Google-un Link Layihəsi
Biz artıq üçüncü sinif dövlətlərin əhalisinin internetə qoşula bilməsi üçün yaradılmış 3G-ötürücülər bərkidilmiş hava balonları haqqında eşitmişdik. Sən demə, bu Google – un həyata keçirəcəyi qlobal planların yalnız cüzi bir hissəsidir. Hazırda axtarış nəhəngi dünyanın hər bir nöqtəsinə fiberoptik şəbəkələr vasitəsilə yüksək sürətli internet ötürmək fikrindədir.
Google tərəfindən irəli sürülən bu ideya “Link” layihəsi adlanır. Hazırda fiberoptik şəbəkələr artıq Uqandanın paytaxtı Kampala şəhərinə qədər aparılıb. Şəhərin mərkəzindən ətrafa yayımlanan ümumi şəbəkə 100 km naqildən ibarətdir.
“LİNK” layihəsi çərçivəsində yaradılmış şəbəkə yerli provayderlərə Uqandanın çox saylı əhalisini yüksək sürətli internetə qoşmağa imkan yaradacaq. Bu şəbəkənin yaradılması bütün dünyanı internet vasitəsilə bir- birinə bağlamaq yolunda atılmış ən böyük addımlardan biridir.” – bu haqda Google –un yaydığı press- relizdə deyilir.
Google atdığı bu addımla Kampala əhalisinin qarşısında yeni – təhsil portallarına giriş, informasiya axtarışı, internet vasitəsilə özünü inkişaf etdirməyə çalışan insanlara dəstək kimi qapılar açmağa ümid edir. Təbii ki, üçüncü sinif ölkələrdə yüksək sürətli internetin meydana gəlməsi həmin ölkələrin iqtisadiyyat və ticarət həyatına da yaxşı təsirlər edəcək. Əgər layihə özünü təsdiq etsə, tezliklə digər bu tipli ölkələr də internetlə təmin olunacaq.
Yadınıza salmaq məqsədi ilə onu da qeyd edək ki, Google hələ bu ilin iyun ayında özünün “Loon” layihəsi haqqında məlumat vermişdi. Layihəyə əsasən üçüncü dünya ölkələri üzərində xüsusi hava şarları buraxılacaq və həmin balonlara 3G ötürücülər bərkidiləcəkdi. Bir çox mütəxəssislər bu fikiri çox absurd hesab etmişdilər. Amma buna baxmayaraq, Google özünün bu ideyasından imtina etmək fikrində deyil.