Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi etmək üçün namizədliyini irəli sürəcək
Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edə bilər. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsinin (TİMS) müdiri İsmayıl Sadıqov məlumat verib. Onun sözlərinə görə, informatika üzrə beynəlxalq olimpiadanın 2016-cı ilə qədər keçiriləcəyi ölkələr artıq məlumdur.
Bu il isə 2017-ci ildə olimpiadaya ev sahibliyinin edilməsi üçün növbəti səsvermə keçiriləcək və Azərbaycan burada öz namizədliyini irəli sürməyi planlaşdırır. Artıq təklifinin reallaşması üçün Azərbaycana bir çox ölkədən dəstək də göstərilib: “Azərbaycan olimpiadanın ölkəmizdə keçirilməsi təklifi ilə çıxış edərsə, dəstək qazana bilər.
Eyni zamanda olimpiadaya ev sahibliyi edəcək ölkə onun yüksək səviyyədə təşkilinə qadir olmasını sübut etməlidir. Azərbaycanın isə bu vaxta qədər bir çox nüfuzlu tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi artıq isbat olunub. Təbii ki, bu dəfə də ölkəmiz Təşkilat Komitəsinin qoyduğu tələblərdən də daha artığına cavab verə biləcək növbəti beynəlxalq tədbiri keçirməyə qadir olduğunu təsdiqləyəcək. Azərbaycan buna hazırdır”.
Şöbə müdiri qeyd edib ki, Təşkilat Komitəsinə hökumətin bununla bağlı mövqeyini göstərən – ev sahibliyi ilə bağlı istəyini təsdiqləyən, eyni zamanda zəmanət məktubu göndərilməlidir: “İnformatika üzrə beynəlxalq olimpiada bu ilin iyul ayında Avstraliyada keçiriləcək.
Orada 2017-ci il üzrə aparılan səsvermədə məqsədimizə nail ola bilsək, hesab edirik ki, tədbir ölkəmizdə informatikanın inkişafına böyük töhfə olacaq. Olimpiada 2015-ci ildə Qazaxıstanda, 2016-cı ildə isə Rusiya Federasiyasında Tatarıstan Respublikasının Kazan şəhərində keçiriləcək. Bu, ilk dəfədir ki, Rusiyada keçiriləcək”.
Mənbə: www.ictnews.az